Əcnəbi serialların yayımı niyə bərpa olundu? - Şeyx

Yerli telekanallarımızda əcnəbi serialların yayımının bərpa olunması çox təqdirəlayiq addımdır.

Bu sözləri Kult.az-a xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül Mahmudov Milli Televiziya və Radio Şurasının Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya kanallarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpasına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, hazırda dünyada serial sektoru çox önəmli yer tutur:

“Beynəlxalq standartlara uyğun rejissor və aktyor işini sərgiləyən xarici teleserialların kanallarımızda yayımının bərpası Azərbaycan serial sektoruna da təkan verəcək. Milli və mənəvi dəyərlərimizə zidd olmadan xarici serialların Azərbaycan telekanallarında yayımı yerli ssenaristlər, rejissorlar və aktyorlar üçün bir məktəb xarakteri daşıyacağını, rəqabət yaradacağını düşünürəm. İnanıram ki, bu xarici teleserialların yayımından sonra Azərbaycan teleməkanında daha fərqli və daha maraqlı yerli seriallar izləyəcəyik. İstənilən halda sənət qarşılıqlı mübadilə əsasında inkişaf edir. Biz xarici seriallardan müsbət tərəfləri daha da püxtələşdirib öz ekran işlərimizə tətbiq etməliyik”.

Ş.Əbdül qeyd edib ki, xarici seriallarda yüksək peşəkarlıqla qurulan dramaturgiya və aktyor işinin Azərbaycanın inkişaf etməkdə olan müasir teatr və kino sənətinə də böyük qatqısı olacaq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycandan Gürcüstana - Pul Köçürmələri Artıb

SONRAKI XƏBƏR

Şəhərdə tapança ilə gəzən saxlanıldı