"Filmlərim həyatımın mənasıdır – Tofiq Tağızadə

"Filmlərim həyatımın mənasıdır    – Tofiq Tağızadə

"Filmlərim həyatımın mənasıdır" deyən görkəmli kino xadimi, rejissor, ssenari müəllifi, aktyor, Azərbaycan və Çeçenistanın Əməkdar İncəsənət xadimi, Azərbaycanın Xalq artisti Tofiq Tağızadə - nin xatirə günüdür.

Ehtiramla xatırlayaq.

Özünəməxsus geyim forması var idi. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olurdu. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı.

Onun ləqəblərindən biri idi “kino-zadə”.

Flaqman-kameraman kimi də ad-san qazanmışdı, fenomenal rejissor, universal kino xadimi kimi də.

“Kino-dəstgah”, “kino-geniy”, hətta hərdən, “kino-tum” tandemləri ilə adlandırırdılar onu.

Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir: “Arşın mal alan”(1965), “Babamızın babasının babası” (1981), “Bağ mövsümü” (1985), “Bəxt üzüyü” (1991), “Dədə Qorqud” (1975), “Görüş” (1955), “Köpək” (1994), “Qanlı zəmi” (1985), “Matteo Falkone” (1960), “Mən ki gözəl deyildim” (1968), “Onun böyük ürəyi” (1958), “Uzaq sahillərdə” (1958), “Yeddi oğul istərəm” (1970) .

Bunlar onun çəkdiyi və aktyor kimi çəkildiyi filmlərdir. 15-ci filmi isə yarımçıq qalmışdı.

O, 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi...
Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadə.

Kinonu bilən adam - Tofiq Tağızadə hər birimizin yaddaşında zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Hər bir filmində onun daxili dünyası, böyük bir insan və şəxsiyyət kimi dəyərləri aydın görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur.
Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri "Görüş", həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı.

Şübhəsiz, "Görüş", "Uzaq sahillərdə", "Yeddi oğul istərəm", "Mən ki gözəl deyildim" filmlərinə baxmayan insan az tapılar. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib.

QISA ARAYIŞ:

O, 1919-cu il fevralın 7-də Bakının Keşlə kəndində, müəllim ailəsində dünyaya gəlmişdi. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. O həmişə belə hesab edirdi ki, bu filmlər bizim tariximizdir, bizim mənəvi varlığımızdır.

Tofiq Tağızadə kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.
Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

Tofiq müəllim "Görüş"lə gəldi sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağladı.

Görkəmli rejissorun "Görüş"dən sonra ərsəyə gətirdiyi "Uzaq sahillərdə", "Əsl dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki, gözəl deyildim", "Yeddi oğul istərəm", "Qızıl qaz", "Dədə Qorqud", "Babamın babasının babası", "Bağ mövsümü" və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir.


O, çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi.

Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, ""Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir.

"Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.
"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır.

Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.
Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.

Tofiq Tağızadə Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli "Arşın mal alan" bədii filminin quruluşçu rejissorudur. "Yeddi oğul istərəm" filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır.
"Bağ mövsümü" isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. "O dünyadan salam" filmi də onun son vaxtlar lentə aldığı əsərlərindəndir.

Əsasında böyük Mirzə Cəlilin "Ölülər" tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır.
Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb,
“Ac həriflər” tammetrajlı film-tamaşada Mirzə Mahmud roluna, “Bəxt üzüyü”, “Anlamaq istəyirəm” filmində də epizodik rollarda çəkilib.

O uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. Rejissorun arzularını, işlərini yarımçıq qoydu.

Görkəmli rejissor Tofiq Tağızadə 27 avqust 1998-ci il tarixində 79 yaşında dünyaya əlvida dedi.
Həyatdan ayrılmasaydı, kinodan da ayrılmazdı…

Məkanı cənnət olsun.

Görkəmli kino xadimi, rejissor,
ssenari müəllifi, aktyor, Əməkdar İncəsənət xadimi, Azərbaycanın Xalq artisti TOFİQ TAĞIZADƏnin - bu böyük sənətkarın, kinonu bilən adamın xatirəsi onu tanıyanların, sevənlərin, kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə: buta.ws