“Azan oxuyanda məni ağlamaq tutdu, amma özümü zorla ələ aldım...” - Şuşaya bayraq sancıb azan oxuyan hərbçimiz

“Azan oxuyanda məni ağlamaq tutdu, amma özümü zorla ələ aldım...”  - Şuşaya bayraq sancıb azan oxuyan hərbçimiz

Şuşaya ilk bayrağı sancan Ağdam rayon Abdal-Gülablı kənd sakini, Baş gizir Yaşar Hüseynov öz xoş təəssüratlarını Moderator.az-ın əməkdaşıyla bölüşüb:

- Yaşar, bildiyimiz qədəriylə böyük qardaşınız birinci Qarabağ savaşında şəhid olub...

- Bəli. Mən lap əvvəldən danışmaq istəyirəm. Özüm 1981-ci ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşam. Qardaşım Füzuli Hüseynov birinci Qarabağ savaşında 1994-cü il aprelin 17-də Ağdamın Yusifcanlı kəndində şəhid olub.

- Bəs özünüz neçə ildir ki, ximət edirsiniz?

- Özüm Xüsusi Təyinatlıların Baş giziriyəm, artıq 20 ildir ki, xidmət edirəm. 2014-cü ilin avqust əməliyyatında yaralanmışam. 2016-cı il Şanlı aprel döyüşlərinin iştirakçısıyam. Bu dəfəki döyüşdə isə 9 oktyabrda yaralandım və buna baxmayaraq xidmətə qayıtmışam və Şuşanın işğaldan azad edilməsində iştirak etmişəm. Şuşa azad ediləndən sonra icra hakimiyyətinin binasının üstünə çıxaraq ermənilərin bayrağını açıb yerə atmışam və öz üçrəngli bayrağımızı orda sancaraq, azan oxumuşam.

- Yaşar, elə bu haqda danışmaq istəyirdik. Bu necə baş verdi?

- Komandirimiz Gündüz müəllimlə Cocuq Mərcalıdan hərəkətə başlayanda arzumuz var idi ki, Şuşaya gedib salamat çıxaq, bayraq taxaq və bir yerdə azan verək. Şükür Allaha ki, biz buna nail olduq. Komandanlığın rəhbərliyi altında Şuşaya girib düşməni şəhərdən təmizlədik və noyabrın 8-də Şuşa şəhərində icra hakimiyyətinin binasına çıxaraq Qondarma Dağlıq Qarabağ “respublika”sının bayrağını yerə atıb, öz bayrağımızı orda sancdıq və azan verdik. Bu hissləri sözlə ifadə edə bilmirəm, möhtəşəm bir hiss idi. Hətta azan verəndə məni ağlamaq tutdu, amma özümü zorla ələ aldım. Azandan sonra dövlət himnimiz səsləndi.

- Bundan sonra şəhərdə nə baş verdi?

- Aradan beş dəqiqə keçməmişdi ki, düşmən artıq gördü ki, Şuşa şəhəri azad olunub və şəhəri Laçın, Ağdam və Xankəndi istiqamətindən artilleriyadan atəşə tutmağa başladı. On dəqiqə dayanmadan atəş davam etdi, amma şükür Allaha ki, itkimiz olmadı. Hətta onu da qeyd edim ki, bayrağımızın üzərinə bölüyümüzdə şəhid olan hərbçilərimizin adlarını yazdıq və onu şəffaf salavanla örtdük və komandirimiz Gündüz Səfərli göz yaşlarıyla bayrağın üzərinə imzasını atıb yazdı ki, “mən fəxr edirəm ki, sizin kimi hərbçilərin komandiri olmuşam. Sizin qarşısınızda baş əyirəm”.

- Siz də Şuşaya üç istiqamətdən daxil olmuşdunuz, düzdürmü?

- Biz Şuşaya düşmənin gözləmədiyi istiqamətdən girdik. Onlar bizi Laçın və Xankəndi istiqamətindən gözləyirdi, amma biz bunu bildiyimiz üçün hücum istiqamətimizi dəyişdik.

- Bəs bunu evdə ailəin necə qarşıladı?

- Bir oğlum və bir qızım var. Oğlum ikinci sinifdə oxuyur, qızımın isə 6 yaşı var. Doğrusu, həmin vaxt yaralanıb hospitala düşdüyüm üçün 15 gün evlə əlaqəm olmadı. Biz Şuşanı işğaldan azad edən günün səhəri telefonla evə zəng vurmaq mümkün oldu. Bundan sonra mən evə zəng vurub dedim ki, narahat olmayın hər şey yaxşıdı, salamatçılıqdı. Şuşadayam və Şuşa bizimdir.

- Bu gün doğulduğun Ağdam rayonu işğaldan azad edildi.

- Çox sağ olun. Mənim ən böyük arzularımdan biri də doğulduğum kəndə getmək idi. Hansı ki, beşinci sinifə qədər həmin kənddə oxumuşam. Şuşa türməsindən Xankəndinə baxanda orda bir meşə var və meşənin o biri tərəfi bizim kənddir. Mənim ən böyük arzum o idi ki, Şuşaya gəlib çıxaq və ordan da doğulduğum kəndimə gedib. Yəni mən bu niyyətlə Şuşaya gəlmişəm. Biz düşməni məğlub etdik və onlar da bizim şərtləri qəbul edib Ağdamı qaytarmağa məcbur oldular.

Vasif Əlihüseyn

Mənbə: moderator.az