Niderland Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu xüsusda Niderlandın Baş naziri və xarici işlər naziri Azərbaycana səfəri ilə bağlı hazırlıqlar davam edir.
Bunu Niderland Krallığının Azərbaycandakı səfiri Mariann de Yon Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.
Səfir bildirib ki, o, Niderlandın Azərbaycandakı yeni səfiri kimi təxminən 10 aydır ölkədə fəaliyyət göstərir və bu müddətdə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu müşahidə edib.
Onun sözlərinə görə, Niderland Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişafını dəstəkləyir. Diplomat xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsini Avropa İttifaqı çərçivəsində müsbət qiymətləndirdiklərini vurğulayıb:
"Bu proses regionda yeni əməkdaşlıq imkanları yaradır və Niderland bu istiqamətdə yüksək səviyyəli səfərlərin həyata keçirilməsini nəzərdən keçirir. Baş nazir və xarici işlər nazirinin Azərbaycana səfəri ilə bağlı konkret tarixlər hələ müəyyən edilməyib, lakin bu istiqamətdə hazırlıqlar davam edir".
Mariann de Yon bildirib ki, iqtisadi əməkdaşlıq çərçivəsində su idarəçiliyi, kənd təsərrüfatı, nəqliyyat bağlantıları və bərpa olunan enerji sahələri prioritet istiqamətlərdəndir.
Səfir əlavə edib ki, yaxın vaxtlarda Niderlanddan nümayəndə heyətləri, o cümlədən əlaqələndirmə üzrə xüsusi nümayəndələr Azərbaycanda səfərdə olub və Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Onun sözlərinə görə, bərpa olunan enerji, xüsusilə külək enerjisi və gələcəkdə yaşıl hidrogen sahəsində əməkdaşlıq perspektivləri mövcuddur.
Diplomat qeyd edib ki, Niderland Rotterdam limanını Avropanın əsas hidrogen mərkəzlərindən birinə çevirməyi planlaşdırır və bu baxımdan Azərbaycanla əməkdaşlıq gələcəkdə mümkün istiqamətlərdən biri ola bilər.
Səfir həmçinin Azərbaycanın hazırda 16 Avropa ölkəsini qazla təmin etdiyini xatırladaraq, gələcəkdə bərpa olunan enerji ixracı sahəsində də əməkdaşlığın genişlənə biləcəyini bildirib.
Mənbə: www.bakupost.az