ABŞ ordusu, Prezident Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə, ölüm hökmünə məhkum edilmiş dörd hərbçinin edamını icra etməyə tam hazır vəziyyətdədir.
Bu barədə "ABC" telekanalı ordunun daxili sənədlərinə istinadən məlumat yayıb.
Əgər bu baş verərsə, sözügedən hadisə son yarım əsrdən çox müddətdə ABŞ-da ilk hərbi edam olacaq. Sənədlərdən məlum olur ki, cari ilin fevral ayında qəbul edilmiş "Qətiyyətli Ədalət Əməliyyatı" (Operation Resolute Justice) adlı planda ordu rəsmilərinə Federal Həbsxanalar Bürosu ilə koordinasiyalı hərəkət etmək tapşırılıb.
Plana əsasən, məhkumlar Kanzasdakı nizam-intizam kazarmalarından İndianadakı federal edam mərkəzinə köçürülməlidir. Telekanal qeyd edir ki, ABŞ Ədliyyə Departamenti Trampın birinci prezidentliyi dövründə mülki şəxslərin bir sıra edamlarını məhz bu mərkəzdə həyata keçirib.
Ordu rəsmisi Sintiya Smit bu növ hazırlıq təlimlərinin keçirildiyini təsdiqləyib və qeyd edib ki, bu, Ağ Evdən gələ biləcək sərəncama qarşı standart planlaşdırmanın bir hissəsidir: "Bu əməliyyatla bağlı təlimlər son 20 il ərzində mütəmadi olaraq keçirilir". Smit həmçinin əlavə edib ki, hazırda prezident tərəfindən icra ilə bağlı konkret hər hansı bir əmr daxil olmayıb.
Məlumat üçün bildirək ki, ABŞ-da 1961-ci ildən bəri heç bir hərbi qulluqçu edam edilməyib. Sonuncu dəfə həmin il sıravi Con Bennett Avstriyada 11 yaşlı qıza qarşı təcavüz və qətlə cəhd cinayətinə görə edam olunub.
ABŞ-da federal cinayətlərə görə ölüm hökmünün icrasına qoyulan moratorium 2003-cü ildən 2020-ci ilə qədər qüvvədə olub. Donald Tramp özünün birinci prezidentlik dövründə, 2020-ci ildə bu moratoriumu ləğv edib və həmin vaxt 13 nəfər edam olunub. Sonradan Co Bayden administrasiyası moratoriumu yenidən bərpa etsə də, ikinci müddətə prezident seçilən Donald Tramp ölüm hökmünün tətbiqini yenidən geri qaytarıb.
Mənbə: bizim.media