Türkiyə ilə danışan şəxs... - Ermənistanda bu post uğrunda mübarizə gedir

Türkiyə ilə danışan şəxs... -

Ermənistanda seçkilərdən sonra qurulacaq yeni hökumətdə postlar uğrunda mübarizə başlayıb. Nikol Paşinyan hökumətin tərkibində ciddi dəyişikliyin olmayacağını desə də, hakim partiya daxilində qarşıdurma yaşanır. Məlumatlara görə, parlamentin spikeri postu ətrafında ciddi rəqabət var.

“Hraparak” nəşri hakimiyyət daxilindəki qrupların hər birinin spiker postunu tutmaq istədiyini yazır.

Nəşr mənbələrə istinadən yazır ki, keçmiş spiker Alen Simonyan yenidən öz postunda qalmaq istəsə də, ona qarşı cəbhə alanlar var.

“Əvvəlki parlamentdə hakim fraksiyanın lideri Hayk Konjoryan əsas iddiaçılardandır. Alen Simonyanın tərəfdarları bildirir ki, o, vəzifəsinə davam edəcək. Lakin hakim partiyanın seçki siyahısında Simonyan 14-cü, Konjoryan isə 11-ci yerdə idi. Simonyanın tərəfdarları fikirlərini belə əsaslandırırlar ki, seçki kampaniyasının ilk dəqiqələrindən o, ön planda olub, hakimiyyətə qarşı ən təhlükəli zərbələri qəbul edib. Namizədlər arasında isə Konjoryanla yanaşı, ABŞ-dakı səfir Lilit Makunts da var, amma ikincinin zəif olduğu, parlamentdə kəskin mübarizəyə liderlik edə bilməyəcəyi deyilir”, - nəşr yazır.

Məlumata görə, iddiaçılar arasında vitse-spiker olmuş, Türkiyə-Ermənistan danışıqlarının əsas fiquru Ruben Rubinyan da var: “Lakin onun balanssız və emosional xarakteri təhlükəli hesab olunur. Partiya yoldaşları bildirirlər ki, o, komanda daxilində ən məsuliyyətsiz biridir. Simonyanın şansları isə yüksək qiymətləndirilir. Yeni yaradılan fraksiyada da onun tərəfdarları çoxalıb. Məlumatlara görə, Simonyan hakim partiyadakı qadınların könlünü fəth edib, çünki tez-tez onları restoranlara dəvət edir, ezamiyyətlərə aparır”.

Hakim partiyadakı mənbələr isə bildirir ki, məsələ hələ daxildə müzakirə edilməyib, hər kəs Nikol Paşinyanın mövqeyini gözləyir.

Asif

Mənbə: publika.az