Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Ankarada görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoymaq üçün real təklifləri var.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.
Sibiqa hesab edir ki, Ankara qlobal diplomatik paytaxtlardan biridir.
Bundan əlavə, Türkiyə paytaxtı Kiyev ilə Moskva arasındakı mübahisələrin həllində dəfələrlə əsas rol oynayıb.
“Biz Türkiyənin Zelenski ilə Putin arasında görüş üçün əsas məkanlardan biri olmasını müdafiə edirik. Biz bunu dəstəkləyirik və Türkiyə tərəfinə belə bir missiyanı – bu cür yüksəksəviyyəli görüşü təşkil etmək istəyinə görə minnətdarıq”, - deyə Sibiqa vurğulayıb.
Xarici işlər nazirinin sözlərinə görə, Ukrayna və Rusiya prezidentləri arasında danışıqlar sülh səylərinə ciddi təkan verə bilər.
“Bu müharibəyə son qoymaq üçün real təkliflərimiz var. Ukrayna sülhə can atır. Biz bu gün davam edən, o cümlədən Amerika tərəfinin iştirakı ilə bütün sülh səylərinə sadiqik. Bu sülh səylərində Avropanın yeni roluna ümid edirik. Ukrayna atəşkəsə hazırdır”, - deyə Sibiqa bildirib.
Mənbə: bizim.media