Ermənistanda fermerlər etiraz aksiyası keçirir

Ermənistanda fermerlər etiraz aksiyası keçirir

Ermənistanda məhsullarını xarici bazarlara çıxarmaqda çətinlik çəkən fermerlər etiraz aksiyası keçirir.

Bu barədə “News.am” portalı məlumat yayıb.

Bildirilib ki, kənd təsərrüfatı işçiləri məhsul satışı ilə bağlı problemlər səbəbindən İrəvan-Yerasx magistral yolunu bağlayıblar. Onlar tonlarla məhsulu sata bilmədiklərindən şikayətlənirlər.

Etirazçıların sözlərinə görə, ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bu problemin həll ediləcəyini vəd etsə də, hələ də əməli tədbir görülməyib.

Eyni zamanda, balıqçılıq təsərrüfatlarında çalışan onlarla şəxs Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirir. Onların da əsas şikayəti balıq məhsullarının ixracında yaranan problemlərlə bağlıdır. Fermerlər hazırda təxminən 15000 ton balıq məhsulunu ölkədən çıxara bilmədiklərindən narahatlıqlarını ifadə edirlər. Etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanın müavinlərindən birinin onlarla görüşməsini tələb edirlər.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan meyvə-tərəvəzlərin, eləcə də balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.


Mənbə: qafqazinfo.az