Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu

Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro oktyabrda keçiriləcək prezident seçkilərində hazırkı Prezident Luiz İnasio Lula da Silvaya qarşı mübarizə aparacaq.

Flavio Bolsonaro San-Pauluda keçirilən Liberal Partiyanın qurultayında partiyanın prezidentliyə namizədi elan edilib.

O, çıxışında həbs cəzası çəkən atasına istinad edərək, “Bolsonaronun qanı burada axır” deyib.

Jair Bolsonaro 2022-ci il seçkilərində Lulaya məğlub olduqdan sonra hakimiyyəti zorla dəyişdirməyə cəhdlə bağlı iş üzrə 27 il həbs cəzasına məhkum edilib. Hazırda ev dustaqlığında olan keçmiş prezidentin tədbirə süni intellekt vasitəsilə hazırlanmış video ilə qatıldığı bildirilib.

Flavionun qarşıdakı seçki kampaniyasında bir sıra çətinliklərlə üzləşəcəyi gözlənilir. O, hələ vitse-prezidentliyə namizədini müəyyənləşdirməyib və atasının 2018-ci ildə prezident seçilməsində mühüm rol oynayan bəzi mərkəzçi siyasi qüvvələrin dəstəyini qazana bilməyib.

Qurultayda Jair Bolsonaronun həyat yoldaşı və yevangelist seçicilər arasında nüfuzlu siyasi fiqur olan Mişel Bolsonaronun da iştirak etməməsi diqqət çəkib.

Flavio Bolsonaro artıq Argentina Prezidenti Xavyer Miley və İsrailin Baş naziri Benyamin Netanyahudan dəstək mesajları alıb. O, bundan sonra ABŞ Prezidenti Donald Trampın müttəfiqlərindən dəstək qazanmağa çalışır.

Flavionun seçki kampaniyası artıq bir sıra mübahisələrlə müşayiət olunur. O, həbsdə olan bankirdən atası haqqında film layihəsinin maliyyələşdirilməsi üçün pul istəməsinə görə tənqid edilib.

Senatorun ABŞ-dən siyasi dəstək istəməsi də ölkə daxilində narazılığa səbəb olub. Xüsusilə Vaşinqtonun Braziliya məhsullarına daha yüksək tariflər tətbiq etdiyi bir vaxtda bu çağırış mübahisələrə yol açıb.

Digər tərəfdən, Lulanın İşçi Partiyasının 80 yaşlı prezidentin ikinci müddətə namizədliyini avqustun 2-də rəsmən elan etməsi gözlənilir.Qafqazinfo


Mənbə: yenisabah.az