Amerikalı milyarder İlon Mask ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasına dəstək vermək üçün yenidən böyük maliyyə vəsaiti ayırmağa hazırlaşır.
Bu barədə informasiyanı Axios portalı yayıb.
Məlumata görə, Mask 2024-cü il prezident seçkilərində Donald Trampın kampaniyasını dəstəkləmək üçün 260 milyon dollardan çox vəsait xərcləyən America PAC siyasi fondunun fəaliyyətini bərpa edir.
Bildirilir ki, bu dəfə fond əsas diqqəti ev-ev təşviqat aparılmasına, rəqəmsal reklamlara və respublikaçı seçicilərə yönəlmiş birbaşa poçt kampaniyalarına ayıracaq. Fondun fəaliyyətinə Maskın baş siyasi müşaviri Kris Yanq rəhbərlik edəcək.
Maskın nümayəndələri seçki kampaniyasına nə qədər vəsait ayrılacağını açıqlamayıblar. Lakin Axios bunun kifayət qədər böyük məbləğ olacağını yazır.
Bu arada, yeni ictimai rəy sorğuları Donald Trampın prezident kimi fəaliyyətinə dəstəyin azaldığını göstərir. Kvinnipiak Universitetinin sorğusuna əsasən, respondentlərin yalnız 32 faizi Trampın ikinci prezidentlik müddətindəki fəaliyyətini bəyəndiyini bildirib. Sorğuda iştirak edənlərin 58 faizi fəaliyyətini mənfi qiymətləndirib, 10 faizi isə fikir bildirməyib.
Sorğuda iştirak edənlərin əksəriyyəti ABŞ ilə İran arasında davam edən qarşıdurmanın enerji qiymətlərinin artmasına, beynəlxalq gərginliyin yüksəlməsinə və 18 amerikalı hərbçinin həlak olmasına səbəb olmasından narahatlığını ifadə edib.
Qeyd edək ki, sorğu iyulun 23–27-də 963 qeydiyyatdan keçmiş seçici arasında keçirilib. Statistik xəta payı 4,1 faiz bəndi təşkil edib.
Mənbə: bizim.media