ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri, general Aleksus Qrinkeviç İsrailin müdafiəsi üçün qüvvələrin çatışmazlığı ilə bağlı ölkənin hərbi rəhbərliyinə məruzə edib.
Bu barədə "The Washington Post" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Qrinkeviç qeyri-rəsmi söhbət zamanı Pentaqonu İsraili raket təhdidlərindən qorumaq üçün Hərbi Dəniz Qüvvələrinin resurslarının kifayət etmədiyi barədə xəbərdar edib. O, yüksək rütbəli hərbçilərə göndərdiyi yazılı bildirişdə əlavə bir esmines ayrılmayacağı təqdirdə ABŞ-ın müdafiəsi ilə İsrailə dəstək arasında seçim etmək məcburiyyətində qalacağını qeyd edib.
Hazırda tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin qəzetin mənbələri Qrinkeviçin müraciətinin Vaşinqtonun diqqətini tələb edən hallarda amerikalı generalların rəhbərliyə etdiyi müraciətlər praktikasına uyğun olduğunu bildiriblər.
Həmçinin vurğulanıb ki, bu xəbərdarlıq ABŞ-ın Yaxın Şərqdəki əməliyyatları üçün kritik dövrdə səsləndirilib. Belə ki, ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi mühüm silah ehtiyatlarının tükənməsinə səbəb olub.
Hüseyn İbadlı
Mənbə: publika.az