Türkiyə F-16-ları Azərbaycanda qalırmı – ekspertdən maraqlı açıqlamalar

Türkiyə F-16-ları Azərbaycanda qalırmı – ekspertdən maraqlı açıqlamalar

Elxan Şahinoğlu: “Türkiyə ilə hərbi ittifaqı gücləndirməyimiz olduqca vacib məqamdır”

Qardaş Türkiyənin F-16-larının hələ də Azərbaycanda qalıb-qalmaması barədə sosial şəbəkələrdə müakirələr gedir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev II Qarabağ savaşı zamanı “France 24” kanalına verdiyi müsahibədə bu təyyarələrlə bağlı demişdi: “Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur.

Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”.

Eyni zamanda, ötən ilin sentyabrındakı Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən türk hərbçilərinin bir qisminin ölkəmizdə qaldığı da iddia olunur. Üstəlik, noyabrın 10-da II Qarabağ savaşını bitirən üçtərəfli anlaşmaya əsasən türk hərbçiləri Azərbaycana gəliblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında dedi ki, Türkiyə hərbi təyyarələri Azərbaycan ərazisini tərk etməyiblərsə və uzun müddət qalıblarsa, əslində faktiki olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin Azərbaycanda bir bazasının olduğunu söyləmək mümkündür: “Bu Azərbaycan üçün çox vacibdir. Bir yox, bir neçə bu cür hərbi baza ölkəmizdə olmalıdır. Bunun üçün müvafiq infrastruktur da var. Məsələn, Gəncə ola bilər. Eyni zamanda, keçmiş sovetlər birliyinin Abşeronda hərbi hava qüvvələri üçün bazası vardı. Bundan da istifadə etmək olar. Üstəlik, Silahlı Qüvvələrin hərbi bazasının olması da Azərbaycan üçün çox vacibdir. İndi Ağdamda Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq, bu öz yerində. Bu, Dağlıq Qarabağda atəşkəsə nəzarət etməklə bağlı olacaq. Amma bununla yanaşı Qarabağ istiqamətində Türkiyənin hərbi bazasının olması vacibdir. Azərbaycan hərbçiləri ilə birlikdə nəzarət funksiyasını həyata keçirməsi lazımdır. Əlbəttə, Azərbaycanın güclü hərbi qarnizonu Kəlbəcər və Laçın istiqamətində olmalıdır. Türkiyə hərbçiləri ilə birlikdə bu funksiya həyata keçirilərsə, daha faydalı olar. Aydındır ki, Azərbaycan Ermənistanla bacarır və bunu müharibədə də sübut etdi. Amma qarşımızda Rusiya olanda çətinliklərlə üzləşirik. Bu çətinlikləri dəf etməyin ən doğru yolu, birincisi, Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək və möhkəmləndirməkdir. İkincisi isə, türk və azərbaycanlı hərbçilərin Qarabağda birgə fəaliyyət göstərməsidir. Bu, Rusiyanı müəyyən toqquşmalardan da çəkindirə bilər. Əslində təzyiq siyasətindən də şimal qonşumuzu çəkindirmək mümkündür. Biz bu amildən öz məqsədlərimiz üçün istifadə etməliyik. Türkiyə ilə hərbi ittifaqı gücləndirməyimiz olduqca vacib məqamdır”.

 

Mənbə: cia.az