"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi

"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi

Suriyanın keçmiş lideri Bəşər Əsədin devrilməsindən sonra ölkədən qaçmış Suriya kəşfiyyat xidmətinin rəisi Hüssam Luka hazırda Rusiyada yaşayır.

Bu barədə BBC məlumat yayıb. Nəşr mənbəsinə istinad edib.

Mənbənin məlumatına görə, "Hörümçək" ləqəbi ilə tanınan keçmiş ali məmurun hazırki yeri onun Dəməşqdəki iqamətgahında tapılan qeyd dəftərindəki əlaqələr vasitəsilə müəyyən edilib. Jurnalistlər dəftərdəki bütün nömrələri yoxlayıb və oradakı ünvanlardan biri ilə əlaqə saxlaya biliblər. Lukanın keçmiş mühafizəçisi ilə əlaqə saxlayan media nümayəndələri maraqlı məlumatlar əldə ediblər. Onun sözlərinə görə, Luka rejimin son saatlarında Dəməşqi müdafiə etmək üçün ölkədə qalacağını bildirib. Lakin o, tezliklə yoxa çıxıb və ofis seyfindən külli miqdarda pul da götürüb.

Livan hökumətindəki mənbənin sözlərinə görə, Luka başqa adla- Rusiya pasportu ilə Livana keçib. O, daha sonra Rusiyaya uçub. Keçmiş kəşfiyyat rəhbərinin Dəməşqdəki mənzilində Rusiya xarici kəşfiyyatının mükafatları və yüksək vəzifəli Rusiya məmurunun Yeni il bayramı ilə bağlı təbrik məktubu da tapılıb.

Bəzi mənbələrə görə "Hörümçək" Əsədin bir sıra məsələlərdə "sağ əli" sayılıb. O, həmçinin Suriya kəşfiyyat xidmətlərinin ən nüfuzlu və qəddar nümayəndələrindən biri hesab olunurdu. O, vətəndaş müharibəsinin ilk illərində Homsda siyasi məsələlərlə bağlı təhlükəsizliyə birbaşa rəhbərlik edib və daha sonra Əsəd rejiminin əsas kəşfiyyat orqanlarından biri olan Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edib. Luka Böyük Britaniya, ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalır. 2024-cü ilin dekabrında Əsədin devrilməsindən sonra Luka yoxa çıxıb.

Müəllif: Tural

Mənbə: publika.az