“Guya təhsil naziri “öyrənmək olmaz” deyib”

“Guya təhsil naziri “öyrənmək olmaz” deyib”

Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərin məcrasından çıxarılaraq başqa cür təqdim edildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir "Xəzər" TV-də qonaq olarkən danışıb.

Onun sözlərinə görə, brifinqdə sadəcə öyrənmənin məqsədli olmasından danışıb: "Əgər tədris prosesinin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu, həmçinin müəllim üçün də önəmlidir.

İstərdim yenə bu fikrə qayıdım, mən bunu o formatda demişdim ki, bəzən valideynlər öz övladlarını səhər bir məşğələyə, günorta başqa bir məşğələyə, daha sonra başqa bir repetitor yanına göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq şahmat dərnəyinə niyə getdiyini, niyə riyaziyyat dərsində oturduğunu başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür. Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya təhsil naziri "öyrənmək olmaz" deyib”.

Xatırladaq ki, ötən gün Emin Əmrullayevin Azərbaycanda ali təhsil müəssisəsində təhsil haqları ilə bağlı söylədikləri fikirləri müzakirəyə səbəb olmuşdu. Nazir çıxışında bildirmişdi ki, təhsil haqları ilə təhsilin keyfiyyəti arasında əlaqə mövcuddur: “Çox sadə bir misal, Azərbaycanın ali təhsil müəssələrində bakalavr səviyyəsində təhsil haqları 2500 manatdır. Bəzi regional ali təhsil müəssisələrində isə bundan da aşağıdır. Burada biz nə istəyirik sualı çox vacibdir, istərdim bunu yaxşı başa düşək. Ali təhsilin qiyməti 500 manat olarsa, daha çox adam təhsil almış olacaq. Amma bizə o təhsilli insanlar uzun müddətli vədədə iqtisadiyyatımıza və gündəlik rifahımıza hansı əlavə dəyəri qatacaqlar sualı daha vacib sualdır”.

Mənbə: qafqazinfo.az