Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər.
Bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda atılacaq növbəti addımlarla bağlı konkret planları müzakirə ediblər. ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, həmin addımlar barədə yaxın bir neçə həftə ərzində açıqlama veriləcək.
Xatırladaq ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Rusiya liderinin köməkçisi Yuri Uşakovun görüşün yekunları ilə bağlı verdiyi məlumata görə, üç saatdan çox davam edən danışıqlar məzmunlu olub və hər iki tərəf üçün kifayət qədər faydalı keçib.
Mənbə: oxu.az