Tramp gənc köməkçilərini belə mükafatlandırdı

Tramp gənc köməkçilərini belə mükafatlandırdı

ABŞ Prezidenti Donald Tramp Ağ Evin üç gənc əməkdaşına hər biri 45 min dollar olmaqla nağd pul hədiyyə edib.

Sensasion təfərrüatlar ABŞ prezidentinin maliyyə bəyannamələrində üzə çıxıb.

Söhbət 35 yaşlı Natali Harp, 31 yaşlı Margo Martin və 26 yaşlı Çemberleyn Herrisdən gedir. "The Washington Post" qəzetinin əldə etdiyi sənədlərdə ödənişlər "bayramlar üçün pul hədiyyəsi" kimi qeyd olunub.

45 min dollar məbləği hər üç əməkdaşın 150 min dollar olan illik maaşının təxminən üçdə birini təşkil edir.

Natali Harp Trampın vəzifəyə başladığı ilk gündə onun icraçı köməkçisi təyin edilib.

Martin 2019-cu ildən Trampın komandasında çalışaraq mətbuat işləri ilə məşğul olub. Daha sonra Tramp Ağ Evi tərk edəndə o, prezidentin mətbuat katibi olub. Hazırda Martin prezidentin kommunikasiya üzrə müşaviri vəzifəsini tutur.


Herris də Trampın birinci prezidentliyi dövründə onunla işləyib — o zaman o, "Birləşmiş Ştatların resepsiyonisti" kimi tanınırdı. İndi isə o, prezidentin icraçı köməkçisidir.

Bununla belə, böyük hədiyyələri yalnız qadınlar almayıb. Sənədlərə əsasən, Oval Kabinetlə iş üzrə direktor Volt Nauta prezidentdən 20 min dollar alıb. Onun illik maaşı 175 min dollar təşkil edir.

Bununla yanaşı, etika məsələləri üzrə mütəxəssislər hesab edirlər ki, belə hədiyyələr qeyri-qanuni ola bilər.

Corc Buşun (kiçik) dövründə Ağ Evin keçmiş etika hüquqşünası işləmiş Riçard Peynter hökumətdən kənardan gələn vəsaitlər hesabına federal qulluqçulara əlavə ödəniş edilməsini qadağan edən qanunu xatırladıb.

"O, açıq şəkildə onların maliyyə vəziyyətini daha rahat etməyə çalışır ki, Ağ Evdə dövlət qulluğunda işləyə bilsinlər. Belə etmək olmaz", — deyə Peynter "The Washington Post"a bildirib.

Eyni zamanda, Barak Obamanın administrasiyası dövründə Dövlət Etikası İdarəsinin direktor əvəzi vəzifəsini icra etmiş Don Foks qeyd edib ki, hələlik qanunvericiliyin pozulub-pozulmadığı bəlli deyil.


"The Washington Post" qəzetinin qeyd etdiyi kimi, Trampın tabeliyində olan şəxslərə etdiyi ödənişlər misli görünməmiş haldır. Mütəxəssislər federal qulluqçuların rəhbərindən bu qədər böyük məbləğlər aldıqları digər oxşar halları xatırlaya bilməyiblər.

Trampın ən yaxın əməkdaşlarından biri hesab edilən Natali Harp yenidən xüsusi diqqət mərkəzində olub.

Onu hətta "Trampın canlı printeri" də adlandırırlar. Harp prezidentə onu maraqlandıran məqalələri göstərir, internetdə ona lazım olan məlumatları axtarır və "Truth Social"da postlar yerləşdirməyə kömək edir.

Onun prezidentlə qeyri-adi yaxınlığı "The Daily Beast" nəşrinin Harpın 2023-cü ildə — onunla birlikdə Şotlandiya və İrlandiyaya səfəri zamanı və ya səfərdən sonra Tramp şəxsi məzmunlu iki məktub yazdığını dərc etməsindən sonra artıq diqqət mərkəzində olmuşdu.


"Sən mənim üçün əhəmiyyəti olan yeganə insansan. Mən səni heç vaxt məyus etmək istəmirəm", — deyə Harp məktubların birində yazmışdı.

Harp Trampı bu həyatda "Qoruyucum və Müdafiəçim" adlandırır, elə həmin cümlədə hansısa "Kassa aparatı"ndan da bəhs edirdi.

Bu fonda 45 min dollarlıq ödənişlər prezidentin gənc köməkçiləri ilə qeyri-adi dərəcədə yaxın münasibətlərinə diqqəti yenidən cəlb edib.

Mənbə: bizim.media