Kamran Əliyev iclas keçirdi - Foto

Kamran Əliyev iclas keçirdi - Foto

Sentyabrın 17-də Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

İclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Qeyd olunub ki, ölkənin siyasi, iqtisadi və institusional potensialının gücləndirilməsi, milli maraqların və dövlət suverenliyinin etibarlı müdafiəsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət hüquq sisteminin qarşısında da yeni vəzifələr müəyyənləşdirir.

Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra davamlı sülhün və regional sabitliyin möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin davam etdirilməsi, habelə cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasının əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.

Eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşlıq gündəliyinin genişlənməsi, o cümlədən dünyanın aparıcı dövlətləri ilə, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi diqqətə çatdırılıb.

Baş prokuror, həmçinin, dövlət səviyyəsində rəqəmsal inkişafın və innovasiyaların prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edərək, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasının və 2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının təsdiq edilməsinin bu sahədə vahid dövlət siyasətinin institusional əsaslarını gücləndirdiyini bildirib.

Qeyd olunub ki, müasir dövrdə ictimai münasibətlərin, texnologiyanın inkişafı və hüquqi mühitdə baş verən dəyişikliklər qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin daim təkmilləşdirilməsini, yeni hüquqi məsələlərin elmi və praktiki baxımdan araşdırılmasını zəruri edir. Bu baxımdan Elmi-Məsləhət Şurası aktual hüquqi məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması istiqamətində mühüm platforma kimi fəaliyyət göstərir.

İclasın gündəliyinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov cinayət qanunvericiliyində gəlir anlayışının və cinayət nəticəsində əldə edilmiş gəlirin hesablanması meyarlarının müəyyən edilməsi, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev məhkəmə ekspertizası sahəsində mövcud problemlər və onların həlli yolları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, ekspertiza tədqiqatlarının keyfiyyətinin və obyektivliyinin artırılması, Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati qərarın qüvvəyə minməsi və həmin qərarlardan şikayət verilməsi ilə bağlı prosessual müddətlərin hüquqi tənzimlənməsi, Baş Prokurorluğun idarə prokuroru Qədir Məmmədov Cinayət Məcəlləsinin 283-cü maddəsinə dövlətin konstitusiya quruluşuna, milli-mənəvi dəyərlərinə və ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərlə bağlı müddəaların əlavə edilməsi, Baş Prokurorluğun idarə prokuroru Emin Cəlilov xüsusi müsadirənin icrası prosesində mövcud problemlər və prokurorluğun bu sahədə iştirakı ilə bağlı məruzələrlə çıxış ediblər.

Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisinin müavini Tural Vəlibəyov “Antikorrupsiya komplayens (uyğunluq) funksiyası”, Baş Prokurorluğun idarə prokuroru Elmar Bayramov “Cinayət işlərinin ibtidai istintaqında rəqəmsal kriminalistikanın tətbiqi imkanları”, Baş Prokurorluğun idarə prokuroru Qoşqar Əhmədov isə “2024–2025-ci illərdə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri üzrə daxili işlər orqanlarında istintaq edilmiş cinayət faktlarının təhlilinə dair” metodiki vəsaitləri təqdim ediblər.

Müzakirələr zamanı gündəlikdə məsələlər üzrə hüquq tətbiqetmə təcrübəsində meydana çıxan məsələlər nəzərdən keçirilib. Eyni zamanda rəqəmsal kriminalistikanın imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Gündəlikdə yer alan məsələlərin müzakirəsində Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri Tahir Kazımov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Beynəlxalq Hüquqi Təhqiqatlar Təşkilatının prezidenti, “Hüquqi elmlər və təhsil” jurnalının baş redaktoru Cavanşir Süleymanov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Şuranın digər üzvləri çıxış edərək hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və elmi tədqiqatların nəticələrinin qanunvericilik və hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.

İclasa yekun vuran Baş prokuror müzakirə olunan məsələlərin aktuallığını və praktiki əhəmiyyətini vurğulayaraq, Şura üzvləri tərəfindən irəli sürülmüş təkliflərin nəzərə alınmaqla hüquq tətbiqetmə təcrübəsinin, zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi və elmi-praktiki nəticələrin müvafiq fəaliyyət istiqamətlərində tətbiqi üzrə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.



Mənbə: qafqazinfo.az