Ermənistan Futbol Federasiyasının prezidentliyinə namizədlər arasında Fransanın məşhur futbol ailəsinin nümayəndəsi Denis Corkayeffin adı gündəmə gəlib.
Onun həm özünün, həm də dünya çempionu olan qardaşı Yuri Corkayeffin Qarabağ müharibələri ilə bağlı açıqlamaları, Azərbaycan və Türkiyəyə qarşı səsləndirdikləri ittihamlar diqqət çəkir.
Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, federasiyanın dekabr ayında keçiriləcək növbəti iclasında yeni prezident və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Prezidentliyə üç əsas namizədin adı müzakirə olunur. Bunlar Denis Corkayeff, federasiyanın hazırkı rəhbəri Armen Melikbekyan və keçmiş futbolçu, hazırda federasiyanın Avandakı akademiyasının texniki mərkəzinə rəhbərlik edən Arsen Balabekyandır.
Bundan əvvəl Ermənistanın keçmiş yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın da namizədliyi gündəmə gətirilmişdi.
Denis Corkayeff kimdir
Denis Corkayeff Fransa millisinin heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olmuş məşhur futbolçu Yuri Corkayeffin qardaşıdır.
Erməni əsilli Corkayeff ailəsi uzun illərdir Fransa erməni diasporunun ictimai həyatında iştirak edir. Denis Corkayeff Fransanın Desin-Şarpye şəhərində mer müavini vəzifəsində çalışıb, Ermənistanın Fransadakı fəxri konsulu olub və Ermənistan futbolunun idarəçiliyində müxtəlif vəzifələr tutub.
Onun adı xüsusilə 2020-ci ilin 44 günlük Qarabağ müharibəsi zamanı verdiyi siyasi açıqlamalarla diqqət çəkib.
44 günlük müharibə zamanı Azərbaycan və Türkiyəyə qarşı ittihamlar
29 sentyabr 2020-ci ildə, Vətən müharibəsinin üçüncü günündə Denis Corkayeff Fransa Prezidenti Emmanuel Makrona açıq müraciət edib.
O, sosial şəbəkə hesabında axmaqcasına bir yazı paylaşaraq bunları qeyd edib:
“Cənab Prezident Emmanuel Makron, Azərbaycanın Türkiyənin köməyi ilə erməni xalqına qarşı başladığı müharibəni pisləyin. Ərdoğanın Qarabağa göndərdiyi islamçı terrorçuları ifşa edin. Biz sülhsevər xalqıq”.
Corkayeff bununla Azərbaycanın öz ərazilərində apardığı hərbi əməliyyatları pisləyib, Türkiyəni isə heç bir sübut təqdim etmədən guya Qarabağa “islamçı terrorçular” göndərməkdə ittiham edib. O, bu cür axmaqcasına ifadə işlədərək Azərbaycanın Vətən müharibəsini təhrif olunmuş şəkildə təqdim etməyə çalışıb. Onun həmin paylaşımı 29 sentyabr 2020-ci ildə Ermənistan mətbuatında da dərc olunub.
Paşinyan Denis və Yuri Corkayeff qardaşlarını qəbul edib
44 günlük müharibə başa çatdıqdan sonra, 2020-ci il dekabrın 1-də Denis Corkayeff qardaşı Yuri Corkayefflə birlikdə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə Ermənistanın diaspor məsələləri üzrə ali komissarı Zare Sinanyan da iştirak edib.
Ermənistan hökumətinin rəsmi məlumatına əsasən, Paşinyan qardaşlara Ermənistan və Qarabağa göstərdikləri dəstəyə görə təşəkkür edib.
Baş nazir bildirib:
“Corkayeff ailəsinin Ermənistan və Qarabağ naminə həyata keçirdiyi fəaliyyət və göstərdiyi dəstək bizim üçün çox əhəmiyyətlidir. Bu çətin dövrdə birləşməli, ümummilli potensialımızı səfərbər etməli və irəli getməliyik”.
Yuri Corkayeff isə Fransadakı erməni icmasının Ermənistan və Qarabağ ermənilərinin yanında olacağını bəyan edib.
“Biz buraya humanitar dəstək göstərmək, eyni zamanda Ermənistan-Fransa əlaqələrinin möhkəmliyini nümayiş etdirmək üçün gəlmişik. Sizin yanınızda olmağa davam edəcəyik”, – deyə o bildirib.
Görüşdə Ermənistan, diaspora və Qarabağ erməniləri arasında əlaqələrin gücləndirilməsi də müzakirə olunub.
Birinci Qarabağ müharibəsi barədə qardaşının diqqətçəkən etirafı
Denis Corkayeffin qardaşı Yuri Corkayeff 2023-cü ildə Fransanın “Le Journal du Dimanche” nəşrinə müsahibəsində Birinci Qarabağ müharibəsi ilə bağlı da danışıb.
O, Ermənistanın 1990-cı illərdə ciddi səhvlərə yol verdiyini etiraf edib.
Yuri Corkayeffin sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra Qarabağın ermənilərə məxsus ərazi kimi beynəlxalq səviyyədə tanınmasına nail olmaq lazım idi.
O, Ermənistanın Rusiyaya həddindən artıq güvəndiyini də bildirib.
“Biz həmişə düşünürdük ki, böyük qardaşımız Rusiya bizi dəstəkləyəcək. Amma bu, bir növ blef oyunu idi. Nəticədə hər şey əleyhimizə çevrildi, verilən vədlər yerinə yetirilmədi”, – deyə keçmiş futbolçu bildirib.
2023-cü ildə Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra da ittihamlar davam edib
Yuri Corkayeff 2023-cü ilin payızında Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra verdiyi müsahibədə də Bakı və Ankaranı ittiham edib.
O, Qarabağdan erməni əhalinin köçünü Azərbaycan və Türkiyənin əvvəlcədən təşkil etdiyi proses kimi təqdim edib.
Keçmiş futbolçu bildirib ki, Ermənistanın təkbaşına qonşularına qarşı dayanmaq imkanları məhduddur və Fransanın daha fəal rol oynamasına ehtiyac var.
Yuri Corkayeff Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası ilə müntəzəm əlaqə saxladığını, həmçinin Yelisey Sarayında Ermənistan məsələləri ilə məşğul olan şəxslərlə danışdığını açıqlayıb.
O, Fransa Prezidenti Emmanuel Makronla da Ermənistanın təhlükəsizliyi və humanitar yardımlarla bağlı müzakirələr apardığını söyləyib.
Yuri Corkayeff Avropanın Azərbaycana qarşı kifayət qədər sərt mövqe tutmadığından şikayətlənib və Fransanı Ermənistanın əsas müttəfiqi adlandırıb.
Bundan başqa, o, Azərbaycanın Qarabağda əldə etdiyi nəticələrdən sonra Ermənistan ərazisinə qarşı da hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyatlandığını bildirib.
Türkiyə ilə bağlı başqa bir açıqlaması
Yuri Corkayeff eyni müsahibəsində Türkiyəyə münasibətindən də danışıb.
O, Türkiyədə dostlarının olduğunu, ölkəyə səfər etməkdə problem görmədiyini söyləsə də, Ankaranın Ermənistanla bağlı tarixi məsələlərdə addım atmalı olduğunu bildirib.
Keçmiş futbolçu Türkiyənin bu istiqamətdə mövqeyinin Ərdoğandan sonrakı dövrdə dəyişə biləcəyini də istisna etməyib.
Ermənistan futbolunun rəhbərliyi uğrunda mübarizə
Maraqlıdır ki, Denis Corkayeff 2020-ci ilin dekabrında Paşinyanla görüşdüyü gün Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyanla da görüşüb.
Həmin görüşdə Yuri və Denis Corkayeff qardaşları ilə federasiyanın FİFA Fondu çərçivəsində əməkdaşlığı və Ermənistan futbolunun inkişaf perspektivləri müzakirə olunub.
Melikbekyan Yuri Corkayeffə 6, Denis Corkayeffə isə 10 nömrəli Ermənistan milli komandası forması hədiyyə edib.
İndi isə Denis Corkayeffin adı birbaşa federasiya prezidentliyi uğrunda mübarizədə hallanır.
“Hraparak” nəşrinin məlumatına görə, Ermənistan hakimiyyəti onun namizədliyinə üstünlük verir. Lakin Denis Corkayeffin erməni dilində danışmaması problem kimi göstərilir.
Federasiyanın hazırkı prezidenti Armen Melikbekyan iyun ayında yenidən namizədliyini irəli sürməyi düşünmədiyini bildirsə də, sonradan qərarını dəyişə biləcəyi barədə məlumatlar yayılıb.
Arsen Balabekyanın adı isə federasiyanın vitse-prezidentliyinə mümkün namizəd kimi də çəkilir.
Mənbə: musavat.com