Qardaşlıq Azərbaycana qarayaxma haqqı vermir!

Qardaşlıq Azərbaycana qarayaxma haqqı vermir!

Son günlərdə Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrdə Azərbaycanın məktəblərdəki geyim qaydaları, İsraillə münasibətləri və müstəqil xarici siyasəti ilə bağlı yayılan materiallar iki ölkə arasında süni qarşıdurma görüntüsü yaradır. Bəzi hallarda faktların birtərəfli təqdim edilməsi, emosional başlıqlar və sübutsuz ittihamlar tənqidlə qarayaxma arasındakı sərhədi sual altına alır. Halbuki Azərbaycan müstəqil dövlətdir və qərarlarını milli maraqlarından çıxış edərək verir. Türkiyə ilə qardaşlıq da bu müstəqilliyə hörmət edilməsini istisna etmir.

Bəzi media qurumlarının Azərbaycanla bağlı yanaşmaları “Bir millət, iki dövlət” prinsipinə nə dərəcədə uyğundur? Qardaş ölkənin siyasətini tənqid etmək harada bitir, onun müstəqil qərarlarını hədəfə almaq harada başlayır?

MUTELLİM.jpg (103 KB)

Siyasi şərhçi Mütəllim Rəhimli bu mövzuda çox vacib məqamlara toxunub:

“Azərbaycan və Türkiyə arasında tarixi bağlılıq var. Bu iki ölkənin xalqları eyni kökdən gəlir, dini inancları eynidir, mədəniyyətləri üst-üstə düşür və bir-birini başa düşməsi, anlaşması olduqca asandır. Elə bu səbəbdən də Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə sıx əməkdaşlıq edir və iki dövlət arasındakı əlaqələr ən yüksək zirvəyə qədər gəlib çatıb. Beynəlxalq miqyasda bu iki ölkənin bir-birini dəstəkləməsi xalqlarımız üçün də xoş əhval-ruhiyyə və mühit yaratmaqdadır və xalqlar da bu münasibətləri dəstəkləməkdədir. Amma bununla belə, son zamanlar Türkiyənin sosial media hesablarında Azərbaycan əleyhinə kütləvi şəkildə statuslar paylaşılır, yazılar yazılır. Bu, Türkiyə-Azərbaycan münasibətlərinin strateji hədəflərinə ziddir və iki xalqın da istəklərinin əleyhinə yönəlmiş addımdır. Çox yaxşı haldır ki, Türkiyə rəhbərliyi və Ərdoğan iqtidarı bu siyasətə dəstək vermir. Amma bununla belə, biz sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazıların azalmadığını, əksinə, getdikcə çoxaldığını müşahidə edirik. Bu da təəssüf doğuran bir amildir. Təbii ki, bu cür hallar sosial şəbəkələrdə kimlərinsə dövlətlər arasındakı münasibətlərə ziyan vurmaq arzusu və istəyi ilə bağlı ola bilər. Amma bununla belə, hər kəs bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycan özünün müstəqil daxili və xarici siyasətini kimlərinsə tənqidi əsasında qurmur, ölkənin milli maraqları əsasında həyata keçirir. Buna görə Azərbaycanı tənqid edən sosial şəbəkə istifadəçiləri bu məqamı da nəzərə almalıdırlar. Azərbaycan uzun dövlətçilik tarixinə malikdir və bu tarix Azərbaycan xalqının şüurunda və genetikasında həkk olunub. Ona görə də dövlətin idarə edilməsi ilə bağlı kənar tövsiyələrə ölkəmizin ehtiyacı yoxdur. Düşünürəm ki, Türkiyə iqtidarı da tezliklə iki ölkə arasında yaranmış bu anlaşmazlığın, eləcə də xalqlarımızın arzu etmədiyi mühitin aradan qaldırılması üçün ciddi səylər göstərəcək”.

Cavanşir Abbaslı

Mənbə: musavat.com