Türkiyədə bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycana qarşı aparılan kampaniya cəmiyyətdə birmənalı qarşılanmır. Bir sıra Türkiyə vətəndaşları Azərbaycanın daxili siyasətinə müdaxilə cəhdlərini yolverilməz sayır, ölkəmizin suveren qərarlarına hörmət edilməsinin vacibliyini vurğulayırlar. Xüsusilə səfirliyimiz qarşısında keçirilən aksiyalar və dini amil üzərindən təzyiq göstərilməsi cəhdləri etiraz doğurur.
Azərbaycan öz dövlətçilik prinsiplərini, dünyəvi təhsil modelini və milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirir. Türkiyə cəmiyyətində bu mövqeyə dəstək verənlərin çıxışları isə qardaşlığın qarşılıqlı hörmət və suverenliyə ehtiram üzərində qurulmalı olduğunu bir daha göstərir. Azərbaycana qarşı kampaniya aparan dairələr Türkiyə cəmiyyətindən gələn bu etirazlardan nəticə çıxaracaqlarmı?

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirdi ki, Türkiyənin bəzi media platformalarında və sosial şəbəkələrində Azərbaycana qarşı aparılan kampaniya, xüsusilə ölkəmizin məktəblərdə geyim qaydaları ilə bağlı qərarlarının tənqid edilməsi təəssüf doğurur: "Azərbaycan və Türkiyə münasibətləri tarixi qardaşlığa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Belə münasibətlərdə ən vacib prinsiplərdən biri də dövlətlərin suverenliyinə və daxili qərarlarına hörmət edilməsidir. Azərbaycan dünyəvi dövlətdir və təhsil siyasətini öz Konstitusiyasına, qanunvericiliyinə və milli maraqlarına uyğun müəyyənləşdirmək hüququna malikdir. Türkiyə cəmiyyətində də Azərbaycana qarşı səsləndirilən ittihamlarla razılaşmayan, ölkəmizin müstəqil qərarlarına hörmət edilməsinin vacibliyini vurğulayan mövqelərin olması diqqətəlayiqdir. Bu, onu göstərir ki, ayrı-ayrı media platformalarında və sosial şəbəkələrdə səsləndirilən fikirləri bütövlükdə Türkiyə xalqının mövqeyi kimi təqdim etmək düzgün deyil. Əksinə, iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərini qorumaq istəyən insanların mövqeyi də nəzərə alınmalıdır.
Digər tərəfdən, Türkiyənin özündə də milli kimliyin, dünyəvi dövlətçilik ənənələrinin və dini dəyərlərin ictimai həyatda yeri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bu məsələlər hər bir cəmiyyətin öz tarixi təcrübəsi və hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir. Hesab edirəm ki, dini mövzular üzərindən Azərbaycanla Türkiyə arasında fikir ayrılıqlarını dərinləşdirmək heç bir tərəfin maraqlarına xidmət etmir. Biz Türkiyənin daxili siyasətinə və qəbul etdiyi qərarlara hörmətlə yanaşdığımız kimi, eyni münasibəti özümüzə qarşı da gözləməkdə haqlıyıq. Qardaşlıq yalnız ortaq tarixə, dilə və mədəniyyətə malik olmaq deyil, həm də bir-birinin dövlətçilik prinsiplərinə hörmət göstərməkdir".
Politoloqun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri illər ərzində böyük siyasi və mənəvi dəyər qazanıb: "Bu münasibətlərin ayrı-ayrı qrupların emosional çağırışları və ideoloji mübahisələri səbəbindən zədələnməsinə imkan verilməməlidir. Əsl qardaşlıq bir-birinin qərarlarını mütləq şəkildə təkrarlamaq deyil, fərqli qərarlara da hörmətlə yanaşmağı bacarmaqdır".
Cavanşir Abbaslı
Mənbə: musavat.com