Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Kemal Albayrak partiya rəhbərliyinə və iqtidara qarşı son dərəcə sərt ittihamlarla çıxış edib.
Albayrak iqtidarın nə qədər gizlətməyə çalışsa da, ölkədə yaşananların, xüsusilə də fon böhranının öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu bildirib.
O, AKP-nin məhz bu dərin böhran nəticəsində yıxılacağını bəyan edib.
Açıqlamasında partiyanın dövlət strukturlarını ələ keçirdiyini iddia edən keçmiş AKP-çi hakimiyyətin mütəşəkkil cinayət qrupları tərəfindən idarə olunan bir mexanizmə çevrildiyini vurğulayıb.
O, həmçinin dövlətin bütün imkanlarının partiya yandaşlarına və ailə ətrafına peşkəş çəkildiyini qeyd edib.
Albayrak iqtidarın öz maraqlarına uyğun "din və ideologiya" anlayışı formalaşdırdığını diqqətə çatdırıb və onların əməllərinin bəyan etdikləri dəyərlərlə üst-üstə düşmədiyini bildirib.
Partiya təsisçisinin bu kəskin tənqidləri və ağır ittihamları ölkədəki siyasi gərginliyi daha da artırıb.
Qeyd edək ki, qalmaqallar fond bazarı ilə məhdudlaşmır. AKP-nin keçmiş sədr müavini, eks-nazir Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə bazarlarında (birjada) manipulyasiya və qanunsuz fond əməliyyatları aparmaqda ittiham olunurlar. İddialara görə, cütlük daxili məlumatlardan istifadə edərək (insider trading) birjada 163 milyon lirəlik investisiya müqabilində 2 milyard lirədən çox qanunsuz gəlir əldə edib.
Mənbə: musavat.com