Ermənistanda oktyabrın 25-də keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
Musavat.com xəbər verir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” Partiyası ölkənin əksər bölgələrində böyük səs üstünlüyü əldə edib.
Ermənistanın iqtisadiyyat naziri, “Vətəndaş müqaviləsi” Partiyası idarə heyətinin sədr müavini Gevorq Papoyan seçkilərin nəticələrini sosial şəbəkə hesabında paylaşıb.
Onun açıqladığı məlumatlara əsasən, hakim partiyanın namizədlərinin əldə etdikləri nəticələr belədir:
* Armavir – Varşam Sarkisyan: 96,1 faiz
* Vayk – Mxitar Matevosyan: 96,1 faiz
* Qarni – Tiqran Poqosyan: 94,2 faiz
* Basarkeçər (Vardenis) – Aharon Xaçatryan: 93,8 faiz
* Cermuk (İstisu) – Vaaqn Arsenyan: 92,7 faiz
* Axuryan – Zaven Manukyan: 92,4 faiz
* Razdan – Sevak Mikaelyan: 90,2 faiz
* Artaşat – Karlen Mkrtçyan: 85,6 faiz
* İcevan – Artur Çağaryan: 85,4 faiz
* Tsaxkadzor – Narek Arutyunyan: 84,6 faiz
* Dilican – David Sarkisyan: 76 faiz
* Artik – Ananik Voskanyan: 74,3 faiz
* Araks – Qazar Qazaryan: 71,7 faiz
* Mehri – Serqo Qalstyan: 70 faiz
* Martuni – Ovanes Oveyan: 67,6 faiz
* Yexeqnadzor – Usik Saakyan: 47,8 faiz
Stepanavanda isə Araik Nersisyanın iştirak etdiyi seçkilərdə səslərin hesablanması davam edir.
Hakim partiyanın “Sahibkarlar Partiyası” ilə yaratdığı “Həmrəylik” bloku da iki bölgədə üstünlük qazanıb. Qafan istiqamətində yerləşən Gorusda Aruş Aruşanyanın rəhbərlik etdiyi blok 93,1 faiz, Qavarda isə Qurgen Martirosyanın rəhbərlik etdiyi blok 81,3 faiz səs toplayıb.
Seçkilərlə bağlı diqqətçəkən məqamlardan biri beş bölgədə hakim partiyanın rəqibsiz iştirak etməsidir. Armavir, Vayk, Basarkeçər, Qarni və Axuryanda seçicilərə yalnız “Vətəndaş müqaviləsi” Partiyasının siyahısı təqdim olunub.
Ermənistan mediasının məlumatına görə, ən yüksək nəticələr Armavir və Vaykda qeydə alınıb. Hakim partiya hər iki bölgədə səslərin 96,1 faizini əldə edib. Ən aşağı nəticə isə Yexeqnadzorda qeydə alınıb – 47,8 faiz.
Seçkilər ümumilikdə Ermənistanın 21 icmasında keçirilib. Onlardan 19-da proporsional, ikisində isə majoritar seçki sistemi tətbiq olunub.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ən yüksək seçici fəallığı Stepanavanda qeydə alınıb – 68,83 faiz. Ən aşağı fəallıq isə Fioletovo kəndində olub – 25,39 faiz.
Seçkilər zamanı mümkün qanun pozuntuları barədə də məlumatlar yayılıb. Müşahidəçi təşkilatlar səsvermənin gizliliyinin pozulması, qanunsuz təşviqat və seçicilərə mümkün nəzarətlə bağlı hallar qeydə aldıqlarını bildiriblər. Ermənistan Daxili İşlər Nazirliyinə səsvermə günü saat 20:00-dək 35 məlumat daxil olub.
Musavat.com
Mənbə: musavat.com