“Münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir”

“Münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir”

“Bakı Prosesi xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformaya çevrilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qırğız Respublikasının mədəniyyət nazirinin müavini Soyuzbek Nadırbekov Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” adlı müzakirədə bildirib.

“Qırğız Respublikası ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri bu əməkdaşlığın parlaq nümunəsidir. Qırğız Respublikası gənclər arasında mübadilənin genişləndirilməsinə və süni intellektin imkanlarından istifadəyə açıqdır. Sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin qorunması və daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir: “Bu gün dünya qarşısında ümumi vəzifə dialoq və tərəfdaşlıqdan konkret birgə fəaliyyətə keçməkdir. Qloballaşma, dezinformasiyanın yayılması və süni intellektin inkişafı şəraitində mədəniyyət etimadın və qarşılıqlı hörmətin əsası kimi xüsusi əhəmiyyət kəsb edir”.

Lamiyə Məmmədova

Mənbə: qafqazinfo.az