Bakı, 6 noyabr, AZƏRTAC
Korsika Assambleyası Fransa hakimiyyətini adanın muxtar statusu ilə bağlı danışıqları davam etdirmək məqsədilə yerli deputatlarla görüş keçirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, müvafiq qətnamə noyabrın 5-də Korsika Assambleyasının fövqəladə iclasında qəbul edilib. Məqsəd 2026-cı ilin sonunadək Fransa parlamentinə təqdim edilə biləcək siyasi razılaşma əldə etməkdir.
Fransanın Baş naziri Sebastyən Lökornü danışıqların davam etdirilməsi üçün noyabrın 9-da Korsika nümayəndə heyətini Parisə dəvət edib. Lakin adanın icra şurasının rəhbəri Jil Jovanangeli lazımi zəmanətlər verilmədən görüşdə iştirak etməyəcəklərini bildirib.
Qeyd edək ki, Korsikanın muxtariyyəti ilə bağlı Paris və Ajaccio arasında danışıqlar 2022-ci ilin martından aparılır. Muxtariyyət layihəsi Fransa parlamentinin aşağı palatasında ilkin mərhələdə təsdiqlənsə də, Senatın dəstəyini qazana bilməyib. Mübahisəli məsələlər arasında Korsikada müəyyən müddət yaşayanlara xüsusi hüquqların verilməsi və Korsika dilinin fransız dili ilə yanaşı rəsmi status alması da var.
Mənbə: azertag.az