Biri Türkiyə, digəri İranla yaxınlaşdı, hər ikisi də ABŞ-la razılaşdı – Yeni gərginlik

Biri Türkiyə, digəri İranla yaxınlaşdı, hər ikisi də ABŞ-la razılaşdı –

İraq Kürdüstanında siyasi vəziyyət gərginləşib. Belə ki, regionun iki əsas siyasi qüvvəsi – Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib.

PUK lideri Bafel Tələbani partiyasının Kürdüstan Regional Hökumətindən çıxdığını, Ərbildə keçirilən parlament iclasının nəticələrini və həmin iclasdan irəli gələn qərarları tanımadığını bəyan edib. Daha da irəli gedərək, KDP-nin Ərbildə öz prezidentini, baş nazirini və nazirlərini təyin edəcəyi təqdirdə, PUK-un da Süleymaniyyədə eyni addımları atacağını bildirib. Bu bəyanat İraq Kürdüstanında 2006-cı ildə aradan qaldırıldığı düşünülən ikili idarəçilik modelinin yenidən gündəmə gəlməsi deməkdir.

Aydın məsələdir ki, baş verənlər yalnız parlamentin spiker seçkisi ilə əlaqəli deyil. Bu, uzun müddətdir yığılıb qalan siyasi, iqtisadi və inzibati ziddiyyətlərin üzə çıxmasıdır. Məsələnin mahiyyətini anlamaq üçün əvvəlcə İraq Kürdüstanının siyasi quruluşuna və burada hökm sürən güc balansına nəzər salmaq lazımdır.

İraq Kürdüstanının sistemi

İraq Kürdüstanında uzun illərdir iki siyasi ailə və onların rəhbərlik etdiyi siyasi strukturlar söz sahibidir. Bir tərəfdə Məsud Bərzaninin rəhbərlik etdiyi KDP, digər tərəfdə isə mərhum Cəlal Tələbaninin qurduğu və hazırda oğlu Bafel Tələbaninin rəhbərlik etdiyi PUK dayanır. KDP-nin əsas siyasi dayağı Ərbil və Duhok, PUK-un əsas dayağı isə Süleymaniyyədir. Ən maraqlısı isə bu iki siyasi qüvvənin yalnız partiya strukturlarına deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, yerli idarəçilik və media sahələrinə təsir imkanlarına malik olmasıdır.

Ümumiyyətlə, İraq Kürdüstanı formal olaraq vahid muxtar siyasi qurum olsa da, onun daxilindəki güc bölgüsü uzun illər ərzində iki əsas siyasi mərkəz ətrafında formalaşıb. 1990-cı illərdə KDP və PUK arasında silahlı qarşıdurmaya qədər gedib çıxan mübarizə nəticəsində region faktiki olaraq iki ayrı idarəçilik zonasına bölünmüşdü. 2006-cı ildə əldə olunan siyasi razılaşma ilə bu administrasiyalar birləşdirildi. Ancaq inzibati birləşmə siyasi və təhlükəsizlik sahəsindəki bütün fərqləri aradan qaldırmadı. Başqa sözlə, iki ayrı siyasi sistem vahid hökumət çətiri altında fəaliyyət göstərməyə davam etdi.

2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində KDP 39, PUK isə 23 mandat qazandı. Heç bir siyasi qüvvə təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs əldə etmədi. Buna baxmayaraq, seçkilərdən sonra tərəflər arasında hökumətin formalaşdırılması, yüksək vəzifələrin bölüşdürülməsi və parlament rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunmadı. Nəticədə region iki ildən artıq müddətdə köhnə, müvəqqəti hökumətlə idarə edildi.

Noyabrın 4-də parlamentin yenidən fəaliyyətə başlaması və KDP-nin namizədi Vala Fəridin spiker seçilməsi isə onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirdi. PUK bu iclası siyasi razılaşma olmadan keçirilmiş addım kimi qiymətləndirdi və boykot etdi. Noyabrın 5-də Bafel Tələbaninin hökumətdən çıxmaq qərarını açıqlaması ilə böhran yeni mərhələyə keçdi.

Məsələnin bir tərəfi hakimiyyət bölgüsüdür. KDP seçkilərdə daha çox mandat əldə etməsini əsas gətirərək regionun idarə olunmasında aparıcı mövqeyinin tanınmasını istəyir. PUK isə özünün ikinci böyük siyasi qüvvə olduğunu və hökumətdəki təmsilçiliyinin sadəcə formal xarakter daşımamalı olduğunu düşünür. Xüsusilə prezidentlik, baş nazirlik, təhlükəsizlik strukturları, maliyyə və iqtisadi resurslara nəzarət məsələləri tərəflər arasında əsas mübahisə predmetidir.

Xarici əlaqələr

KDP ənənəvi olaraq Türkiyə ilə daha sıx siyasi və iqtisadi münasibətlərə malikdir. Xüsusilə enerji ixracı, ticarət və sərhəd təhlükəsizliyi sahələrində Ankara ilə Ərbil arasında mühüm əməkdaşlıq mövcuddur. PUK isə tarixən İranla daha yaxın münasibətləri ilə seçilib. Süleymaniyyənin coğrafi mövqeyi, İranla iqtisadi əlaqələri və PUK-un regional siyasi münasibətləri bu yaxınlığın formalaşmasında mühüm rol oynayıb. Bununla belə, hər iki siyasi qüvvənin ABŞ-la əlaqələri də mövcuddur və Vaşinqton uzun illərdir İraq Kürdüstanındakı hər iki əsas siyasi aktorla işləyib.

İran və ABŞ arasında münasibətlərin kəskinləşməsi, İraqın regional qarşıdurmalardakı mövqeyi və kürd siyasi qüvvələrinin xarici əlaqələri İraq Kürdüstanını xüsusi əhəmiyyətə malik siyasi məkana çevirir. Vaşinqton üçün region İraqdakı mövcudluq, təhlükəsizlik və İranın regional təsirinin məhdudlaşdırılması baxımından əhəmiyyətlidir. Tehran üçün isə İraq Kürdüstanında özünə qarşı istifadə oluna biləcək siyasi və hərbi platformaların formalaşmasının qarşısını almaq mühüm təhlükəsizlik məsələsidir.

Məncə, hazırkı vəziyyətdə İran-ABŞ amilini diqqətdən kənarda saxlamaq olmaz. Hətta ehtimal etmək mümkündür ki, regional gərginlik KDP və PUK arasındakı daxili siyasi mübarizəni daha da mürəkkəbləşdirir.

Tərəflər arasında qısa zamanda uzlaşma əldə edilməsə, Kürdüstan daxilində ciddi qarşıdurmalar baş verə bilər.

turan rzayev 1 900x720 1
Turan Rzayev

Mənbə: globalinfo.az