Paşinyan Rusiyaya qarşı sənədi niyə imzalamayıb?

Paşinyan Rusiyaya qarşı sənədi niyə imzalamayıb?

Ermənistanın baş naziri Nikol Paşinyan Avropaya inteqrasiyanı xarici siyasətinin əsas istiqamətlərindən biri elan etsə də, bu münasibətlərin siyasi bəyanatlardan real inteqrasiyaya çevrilməsi o qədər də asan görünmür.

Bu barədə Hraparak.am yazıb.

Erməni nəşr buna sübut kimi Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində baş verənləri qeyd edib. Bildirilir ki, təxminən 40-dan çox Avropa dövlətinin lider və nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla da görüş keçirilib. Görüşün yekununda Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə və dayanıqlılığına dəstək ifadə edən birgə bəyanatı cəmi doqquz Avropa ölkəsi – Fransa, Latviya, Litva, Estoniya, Polşa, Böyük Britaniya, Almaniya, Niderland və Norveç imzalayıb. Sənəddə Rusiyanın Ermənistana siyasi və iqtisadi təzyiqinin artdığı, erməni ixracatına məhdudiyyətlər tətbiq etdiyi və enerji təchizatından təzyiq vasitəsi kimi istifadə etməklə hədələdiyi əks olunub.


Dublin sammitinin ən maraqlı və ziddiyyətli məqamlarından biri isə Ermənistanın Rusiyaya qarşı yönəlmiş Avropa təhlükəsizlik bəyannaməsinə qoşulmaması olub.Həmin gün təxminən 40 Avropa ölkəsi Avropanın təhlükəsizliyinin əsas prinsipləri haqqında sənədi dəstəkləyib. Bəyannamədə Rusiyanın hibrid kampaniyaları, informasiya müdaxilələri və Avropanın təhlükəsizliyinə yönəlmiş təhdidlər pislənilir. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək, Kiyev üçün etibarlı təhlükəsizlik təminatlarının yaradılması da nəzərdə tutulur. Məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin nümayəndələri son vaxtlar Rusiyanı ölkəyə qarşı hibrid müharibə aparmaqda ittiham edirlər. Belə olan halda, rəsmi İrəvanın Moskvanın hibrid fəaliyyətlərini pisləyən sənədə niyə qoşulmadığı sual doğurur. Ermənistan baş nazirinin mətbuat xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri jurnalistlərin sorğularına cavab olaraq əlavə şərh verməyiblər. Beləliklə, İrəvanın qərarının səbəbləri açıq şəkildə izah edilməyib.

Burada bir məqamı da qeyd etmək lazımdır: Azərbaycan da Dublin sammitində həmin bəyannaməyə qoşulmayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Bakı əlavə hüquqi və siyasi öhdəliklər yaradan sənədlərə qoşulmayıb. Bu, Azərbaycanın qərarının Ermənistanın mövqeyi ilə eyniləşdirilməsinin düzgün olmadığını göstərir. Bakı öz qərarını açıq şəkildə əsaslandırıb, İrəvan isə hələlik susmağa üstünlük verib.Erməni mediası Paşinyanın sənədə qoşulmaması onun Rusiya ilə münasibətlərində müəyyən sərhədləri keçmək istəmədiyini göstərən siyasi siqnal kimi də qiymətləndirib.

Paşinyan hakimiyyəti anlamalıdır ki, Ermənistanın gələcəyi hansısa böyük gücün siyasi himayəsinə sığınmaqdan deyil, qonşularla münasibətləri normallaşdırmaqdan və regional əməkdaşlıq imkanlarından yararlanmaqdan keçir. Nəticə etibarilə, Dublində baş verənlər Paşinyanın xarici siyasətindəki ziddiyyətləri bir daha üzə çıxardı. Avropa Ermənistana dəstək verir, amma bu dəstəyin sərhədləri var. Rusiya isə təsir imkanlarını qorumağa çalışır və İrəvanın Qərbə yaxınlaşmasını diqqətlə izləyir.

Paşinyan isə iki tərəf arasında manevr etməyə çalışır. Lakin geosiyasətdə belə manevrlərin sonsuz davam etməsi mümkün deyil. Ermənistan gec-tez öz iqtisadi və təhlükəsizlik prioritetlərini müəyyənləşdirməli, xarici siyasət bəyanatlarını real imkanlarla uzlaşdırmalıdır.

Mənbə: musavat.com