Yəmən husiləri hökumət ordusunun əsir götürülmüş 600 hərbçisini birtərəfli qaydada azad ediblər.
Bu barədə Al Masirah telekanalı husilərin Əsirlərlə İş üzrə Komitəsinə istinadən məlumat yayıb.
Komitənin rəhbəri Əbdülqadir əl-Murtadanın sözlərinə görə, bu, 2015-ci ildə münaqişə başlayandan bəri həyata keçirilən ən böyük birtərəfli əfv aksiyasıdır. Ümumilikdə, husilərlə Yəmənin rəsmi hakimiyyət orqanları arasında münaqişə dövründə bu cür təşəbbüslər çərçivəsində 2612 nəfər azadlığa buraxılıb.
“Biz əsirlərlə bağlı məsələyə qisas məntiqindən uzaq, humanitar mövqedən yanaşırıq”, – deyə telekanal əl-Murtadanın sözlərindən sitat gətirib.
O qeyd edib ki, azad edilən əsirlərin budəfəki qrupu sayca səkkizinci olub. Onların arasında xəstə və yaşlı hərbçilər də var. Bəziləri əsirlikdə uzun illər keçirib. Azadetmə prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının iştirakı ilə Sənada həyata keçirilib.
Əl-Murtada, həmçinin Səudiyyə Ərəbistanını və onun koalisiya müttəfiqlərini münaqişə boyunca heç bir humanitar təşəbbüs irəli sürməməkdə və birtərəfli qaydada əsirləri azad etməməkdə ittiham edib. Onun sözlərinə görə, komitə döyüş meydanında əsirlərə qarşı 100-dən çox qətl hadisəsi, eləcə də qarşı tərəfin həbsxanalarında 4 mindən çox işgəncə və pis rəftar faktı qeydə alıb.
O, azad edilənləri amnistiyaya normal həyata qayıtmaq və bundan sonra döyüş əməliyyatlarında iştirak etməmək üçün bir fürsət kimi yanaşmağa çağırıb.
Hüseyn İbadlı
Mənbə: publika.az