Xəbər verdiyimiz kimi, İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın illər əvvəl İstanbulda yoxa çıxan sabiq iranlı general Əlirza Əsgərini oğurlayaraq məhv etməsi ilə bağlı "The New York Times" (NYT) nəşrinin yaydığı şok araşdırma dünya gündəmini silkələyib.
Sabiq ABŞ rəsmilərinə istinadən yayılan məlumata görə, 2006-cı ilin sonunda İstanbulda itkin düşən general İsrail agentləri tərəfindən qaçırılaraq həftələrlə dindirilib, daha sonra isə öldürülərək cəsədi Qara dənizə atılıb.
Bəs Qərb və İsrail kəşfiyyatının hədəfinə çevrilən bu sirli iranlı general kimdir?
Əlirza Əsgəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istefada olan generalı və ölkənin sabiq müdafiə nazirinin müavini olub.
1980-1990-cı illərdə SEPAH sıralarında xidmət edərkən o, Tehran rejiminin Livanda fəaliyyət göstərən radikal şiə qruplaşması "Hizbullah"ın yaradılması və dəstəklənməsi siyasətini bilavasitə həyata keçirən əsas fiqurlardan biri sayılırdı.
Karyerası və Əhmədinejadla gizli rəqabəti
Əsgəri İranın milli təhlükəsizlik sistemi və adi silah arsenalı ilə bağlı məsələlərə cavabdeh olub. Onun İranın nüvə proqramında iştirakı isə hələ də mübahisəli olaraq qalır, bəzi mənbələr bunu təsdiqləsə də, digərləri təkzib edir.
1997-2005-ci illərdə, prezident Məhəmməd Xatəminin dövründə müdafiə nazirinin müavini vəzifəsini tutan general daxili araşdırmalara rəhbərlik edib və SEPAH daxilində bir neçə iri mənimsəmə faktının üstünü açıb.
Bu isə onu qurum içində arzuolunmaz şəxsə çevirib. Britaniyanın "The Sunday Times" qəzetinin yazdığına görə, Əsgəri uzun illər Mahmud Əhmədinejadın əsas rəqiblərindən biri olub və məhz Əhmədinejad hakimiyyətə gəldikdən sonra gözdən düşərək vəzifəsindən uzaqlaşdırılıb.
İstanbulda müəmmalı şəkildə yoxa çıxması
Müxtəlif məlumatlara görə, Əskəri 2006-cı ilin dekabrında və ya 2007-ci ilin fevralında Dəməşqdən İstanbulun Atatürk hava limanına gəlib, hotellərin birində qeydiyyatdan keçib, əşyalarını otaqda qoyaraq izsiz yoxa çıxıb. İran hakimiyyəti itkin düşmüş generalın taleyinin araşdırılması ilə bağlı türk həmkarlarından kömək istəyib. Bundan əlavə, araşdırmada iştirak etmək üçün Türkiyəyə iranlı mütəxəssislərdən ibarət qrup göndərilib.
Onun itkin düşməsindən sonra mətbuatda bir-birinə zidd iki əsas versiya irəli sürülüb:
Qərbə qaçış və casusluq: Türkiyənin "Hürriyet" və Britaniyanın "The Sunday Times" nəşrləri iddia edirdi ki, hələ 2003-cü ildə xarici səfərin birində əcnəbi kəşfiyyata cəlb olunan general İran əks-kəşfiyyatının onu ifşa edəcəyindən qorxaraq saxta pasportla Qərbə qaçıb və Almaniyadakı NATO bazasında ifadə verib.
"The Washington Post" isə onun ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək İran-"Hizbullah" əlaqələri barədə məlumat verdiyini yazıb.
Kəşfiyyat tərəfindən oğurlanma: Rəsmi Tehran və generalın ailəsi onun könüllü qaçdığını qəti şəkildə təkzib edərək, ABŞ və İsrail kəşfiyyatı tərəfindən oğurlandığını bildirirdilər.
İsrailin "DEBKAfile" resursunun məlumatına görə, Əsgəri 2007-ci ilin yanvarında İraqın Kərbəla şəhərində 5 amerikalı zabitin öldürülməsi ilə nəticələnən hücumun təşkilatçısı olduğu üçün ABŞ kəşfiyyatının əsas hədəfinə çevrilib. İsrail üçün isə o, 1986-cı ildə Livanda "Hizbullah" tərəfindən əsir götürülən və İrana aparıldığı ehtimal edilən israilli şturman Ron Aradın taleyini bilən yeganə şəxs kimi böyük əhəmiyyət daşıyırdı.
Şəxsi həyatındakı ziddiyyətlər və ailə sirri
Generalın taleyi ilə yanaşı, şəxsiyyəti və ailəsi barədə məlumatlar da ziddiyyətlərlə dolu olub. Beynəlxalq mətbuat onun 63 yaşı olduğunu yazsa da, həyat yoldaşı Ziba Əhmədi ərinin 46 yaşında olduğunu və Suriyaya zeytun yağı biznesi ilə bağlı işgüzar səfərə getdiyini iddia edib. İki həyat yoldaşı və beş övladı olduğu bildirilən generalın ailəsinin Dəməşqə köçürüldüyü barədə xəbərlər yayılsa da, Tehran rəsmiləri onların İranda olduğunu bəyan edib.
Təxminən 20 ilə yaxındır ki, qaçdığı, yoxsa qətlə yetirildiyi sirr olaraq qalan Əlirza Əsgərinin taleyi "The New York Times"ın son araşdırması ilə yenidən dünya mətbuatının manşetinə daşınıb.
Mənbə: musavat.com