Azərbaycan Britaniya ilə strateji ittifaqa gedir – Rusiya və İran necə cavab verəcək?

Azərbaycan Britaniya ilə strateji ittifaqa gedir –

“Prezident İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Endi Börnhamla strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaması Azərbaycanın xarici siyasətində mühüm hadisədir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının Ali Məclisinin sədri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu sənəd Bakı ilə London arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, Azərbaycanın Avropa təhlükəsizlik və iqtisadi strukturunda artan rolunun da göstəricisidir:
“Xüsusilə müdafiə, təhlükəsizlik, enerji, investisiya, nəqliyyat və texnoloji əməkdaşlığın genişləndirilməsi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.

Rəşad Bayramov: “Moskvanın iqtisadi rıçaqları müəyyən taktiki nəticələr  versə də, onların Ermənistanın strateji xarici siyasət seçiminə təsiri  gözlənildiyindən fərqli ola bilər” - Azərbaycan Milli İstiqlal Partiyası

Onun fikrincə, Azərbaycan-Britaniya strateji tərəfdaşlığının əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq ənənəvi enerji münasibətlərindən daha geniş sahələri əhatə edir: “Böyük Britaniya uzun illərdir Azərbaycanın enerji sektorunun əsas investorlarından biridir. Yeni tərəfdaşlıq çərçivəsində isə müdafiə sənayesi, hərbi hazırlıq, təhlükəsizlik, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlıq imkanları daha da genişlənmiş olur. Bu isə Azərbaycana həm iqtisadiyyatını şaxələndirmək, həm də təhlükəsizlik imkanlarını artırmaq üçün əlavə platforma yaradır. Eyni zamanda, Londonla münasibətlərin dərinləşməsi Azərbaycanın Qərbin aparıcı siyasi və iqtisadi mərkəzləri ilə dialoquna yeni impuls verə bilər”.

Ekspertə görə, bu prosesin Moskva və Tehran tərəfindən diqqətlə izləniləcəyi şübhəsizdir: “Rusiya Cənubi Qafqazı ənənəvi təsir dairəsinin mühüm hissəsi hesab edir. Azərbaycanın Qərb dövlətləri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsi Kreml tərəfindən regionda geosiyasi təsir imkanlarının azalması ehtimalı kimi qəbul edilə bilər. Xüsusilə Orta Dəhlizin güclənməsi, Xəzər hövzəsi ilə Avropa arasında alternativ nəqliyyat və enerji marşrutlarının inkişafı Rusiyanın tranzit və iqtisadi maraqlarına təsir göstərə bilər. İranın narahatlığı isə daha çox geosiyasi və təhlükəsizlik amilləri ilə bağlıdır. Tehran Azərbaycanın Qərblə yaxınlaşmasını, xüsusilə müdafiə sahəsində əməkdaşlığın genişlənməsini özünün şimal sərhədləri yaxınlığında Qərb təsirinin artması kimi qiymətləndirə bilər. Bununla belə, Azərbaycanın suveren xarici siyasət yürütmək hüququ heç bir qonşu dövlətin siyasi maraqları ilə məhdudlaşdırıla bilməz”.

Politoloq qeyd edib ki, Azərbaycan Rusiya ilə iqtisadi, eləcə də İranla qonşuluq və tranzit əlaqələrini riskə atmaqda maraqlı deyil: “Əksinə, çoxşaxəli xarici siyasət ölkəmizə müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq imkanı verir. Bu siyasətin uğuru tərəfdaşlar arasında seçim etmək yox, milli maraqları əsas götürərək münasibətlərdə müstəqil mövqe saxlamaqdan keçir. Ümumiyyətlə isə Azərbaycanın Qərblə strateji yaxınlaşması Cənubi Qafqazda qüvvələr balansına təsirsiz ötüşməyəcək deyə bilərik. Lakin bu, mütləq qarşıdurma və ya yeni geosiyasi bloklaşma demək deyil”.

Cavanşir Abbaslı

Mənbə: musavat.com