Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili “Threod Systems” müdafiə şirkətinin binasının yandırılması cəhdi ilə əlaqədar Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Estoniya XİN məlumat yayıb.

Estoniya Daxili Təhlükəsizlik Xidmətinin məlumatlarına əsasən, insidentdə Rusiya kəşfiyyatının əli ola bilər.

Qeyd edilib ki, şirkətin binasını yandırmağa cəhd etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki bütün avtomobil keçid məntəqələrinin nəqliyyat vasitələri və piyadalar üçün bağlanmasının planlaşdırıldığını bildirib.

O, həmçinin noyabrın 16-da Avropa İttifaqının daha 150 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil etdiyini xatırladıb. Tsahkna Rusiyaya qarşı sanksiyaların və viza məhdudiyyətlərinin sərtləşdirilməsi, eləcə də Ukraynaya dəstəyin artırılması istiqamətində işin davam etdiriləcəyini vurğulayıb.

Mənbə: publika.az