İlham Əliyev 23 il əvvəl Ərdoğana nə demişdi? Türkiyəyə ilk rəsmi səfərin heyrətamiz VİDEOsu

İlham Əliyev 23 il əvvəl Ərdoğana nə demişdi? Türkiyəyə ilk rəsmi səfərin heyrətamiz VİDEOsu

2003-cü ildə iki Baş nazirin Ankarada səsləndirdiyi fikirlər yenidən gündəmdə: İlham Əliyevin Qarabağla bağlı xəbərdarlığı, Türkiyə ilə yeni güc mərkəzi yaratmaq hədəfi və 23 il sonra görünən nəticələr…

Musavat.com xəbər verir ki, 8 sentyabr 2003-cü ildə Azərbaycanın o zamankı Baş naziri və prezidentliyə namizəd İlham Əliyevin Türkiyəyə birgünlük səfərini əks etdirən tarixi televiziya reportajı sosial şəbəkələrdə yenidən yayılır.

ANS televiziyasının arxiv görüntülərində İlham Əliyevin Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü, iki liderin Azərbaycan–Türkiyə münasibətlərinin gələcəyinə dair açıqlamaları yer alır.

Diqqətçəkən məqam budur ki, həmin vaxt hər iki siyasətçi Baş nazir idi. İlham Əliyev isə bundan cəmi bir neçə həftə sonra Azərbaycanın Prezidenti seçiləcəkdi.

Arxiv görüntülərində İlham Əliyev Azərbaycanla Türkiyənin daha da yaxınlaşmasının strateji əhəmiyyətindən danışır, iki qardaş dövlətin beynəlxalq siyasətdə yeni güc mərkəzinə çevrilməsi perspektivini ortaya qoyur.

Onun həmin görüşdə səsləndirdiyi əsas mesajlardan biri budur: harada Türkiyə varsa, orada Azərbaycan, harada Azərbaycan varsa, orada Türkiyə var!

İlham Əliyev iki ölkə arasında strateji birliyin möhkəmləndirilməsinin gələcək siyasətinin əsas prioritetlərindən biri olacağını bəyan edir.

Ancaq 23 il əvvəlki çıxışın ən diqqətçəkən hissəsi Qarabağla bağlıdır.

İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini kəskin qiymətləndirir, münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiklərini bildirir. Bununla yanaşı, mühüm xəbərdarlıq edir: Azərbaycan xalqının səbri sonsuz deyil!

Bu bəyanatdan düz 17 il sonra – 2020-ci ildə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. 2023-cü ilin sentyabrında isə Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdi.

Beləliklə, 2003-cü ildə Ankarada səsləndirilən siyasi mövqenin 17 il sonra hərbi-siyasi nəticəsi ortaya çıxdı.

Türkiyə ilə bağlı strateji hədəflər də sonrakı illərdə konkret məzmun qazandı. Bakı və Ankara arasında əməkdaşlıq müdafiə, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində genişləndi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə iki dövlətin münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi.

Tarixi videoda Rəcəb Tayyib Ərdoğanın 23 il əvvəlki açıqlamaları da xüsusi maraq doğurur. O zaman Türkiyənin Baş naziri olan Ərdoğanın Azərbaycanla münasibətlərə dair bəyanatları iki ölkənin gələcək strateji yaxınlaşmasına siyasi baxışı əks etdirir.

Reportajın digər maraqlı və duyğusal tərəfi isə mərhum jurnalist, sonradan millət vəkili olmuş Qənirə Paşayevanın səsi ilə təqdim edilməsidir. Mərhum jurnalist Natəvan Babayevanın studiya təqdimatında yayımlanan video-reportajın müəllifi Qənirə Paşayevadır.

Bu gün həmin videoya baxarkən bir məqam xüsusilə aydın görünür: İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi Qarabağın işğaldan azad olunması və Türkiyə ilə strateji birliyin gücləndirilməsi hədəfləri onun sonrakı prezidentlik fəaliyyətinin əsas istiqamətlərinə çevrilib.

23 il əvvəl Ankarada iki Baş nazirin görüşündə deyilənlər bu gün artıq Azərbaycan və Türkiyənin siyasi tarixinin bir hissəsidir.

Mənbə: musavat.com