Kreml qazı bahalaşdırsa, Ermənistan da hərbi bazanın ödənişini artıra bilər - müttəfiqlərin dostluğu bazarlığa keçir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı səsvermə hüququndan məhrum etdikdən sonra diqqətlər Rusiyanın Gümrüdəki hərbi bazasına dikilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl bəyan edib ki, İrəvan 102-ci bazanın gələcəyini Rusiya ilə müzakirə etməyə hazırdır. Bununla belə, o, indiyədək belə danışıqların aparılmadığını xüsusi vurğulayıb.
“Yeni Müsavat” qeyd edir ki, İrəvan hələlik bazanın çıxarılmasını tələb etmir, Moskva da onu könüllü şəkildə tərk etmək barədə konkret qərar açıqlamayıb. Lakin əvəzində tərəflər bir-birinə qarşı siyasi və iqtisadi arqumentlər səsləndirirlər. Bu baxımdan, hərbi bazanın gələcəyi Ermənistanın Rusiya ilə münasibətlərində yeni danışıqlar predmetinə çevrilə bilər.
Yeri gəlmişkən, “Nezavisimaya qazeta” yazır ki, İrəvan gələcəkdə 102-ci bazadan sövdələşmənin bir hissəsi kimi, məsələn, Rusiya qazının qiyməti ilə bağlı istifadə edə bilər. Bu ehtimalı Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Vilen Qabrielyanın səsləndirdiyi fikir də gücləndirir. O, Rusiyanın qazın qiymətini artıracağı halda Ermənistanın hərbi bazanın yerləşdirilməsinə görə ödənilən məbləği artırmaq imkanını nəzərdən keçirə biləcəyini deyib.
Bu arada, Almaniyanın “Deutsche Welle” nəşrinin yaydığı məlumata görə, noyabrın əvvəlində internetdə yayılan videoda hərbi geyimli şəxsin yerdə uzanmış gənci təhqir etdiyi, ona fiziki zorakılıq göstərdiyi və “Gümrü bizim şəhərimizdir, başa düşdün? Rus əsgərlərinin şəhəridir!” dediyi eşidilir. Bu görüntülər isə Ermənistanda ciddi narazılıq yaradıb.
Yada salaq ki, 102-ci Rusiya hərbi bazasının Ermənistanda yerləşməsini tənzimləyən 1995-ci il müqaviləsi ilə yanaşı, 1997-ci il avqustun 29-da imzalanmış ayrıca yurisdiksiya sazişi də mövcuddur. Ermənistanda Rusiya hərbi bazasının fəaliyyət müddəti 1995-ci il dövlətlərarası müqaviləsi ilə müəyyənləşdirilib. 2010-cu ildə imzalanmış protokolla bazanın Ermənistanda qalma müddəti 2044-cü ilədək uzadılıb. Müqaviləyə əsasən, bazanın fəaliyyət şərtləri tərəflərin qarşılıqlı razılığı ilə yenidən nəzərdən keçirilə bilər. Onun ləğvi ilə bağlı məsələlər isə xüsusi komissiya çərçivəsində razılaşdırılmalıdır.
Bununla belə, rəsmi İrəvan indiyədək 102-ci bazanın tamamilə çıxarılması ilə bağlı konkret tələb irəli sürməyib. Moskva da bu hərbi obyektin regiondakı təhlükəsizlik sisteminin mühüm elementi olduğunu bəyan etməkdə davam edir. Siyasi analitiklər hesab edir ki, Rusiya hərbi bazasının hüquqi statusuna yenidən baxılması məsələsi əslində çoxdan yetişib. 102-ci hərbi baza Rusiyanın Ermənistandakı əsas hərbi dayağı olmaqla yanaşı, Moskvanın Cənubi Qafqazdakı mövcudluğunun da münasibətlərinə deyil, bütövlükdə regiondakı güc balansına təsir edə bilər.
Bəs Ermənistan 2044-cü ilədək qüvvədə olan müqaviləyə yenidən baxaraq 102-ci bazanı Rusiya ilə qaz qiymətləri və digər iqtisadi məsələlər üzrə sövdələşmə alətinə çevirə bilərmi? Rusiya belə bir şərtlə razılaşmasa, Gümrüdəki hərbi mövcudluğunu qorumaq üçün hansı siyasi və iqtisadi addımları ata bilər?

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirib ki, Rusiyanın əlavə təzyiq rıçaqları da qalmaqdadır. Onun sözlərinə görə, Moskva bütün potensialını işə salmayıb: “Onlardan biri də ermənilərin Rusiya bazarlarından tamamilə məhrum edilməsi ola bilər. Sadəcə, Moskva anlayır ki, daha çox sıxışdırmaqla erməniləri və Ermənistanı itirmək təhlükəsi artır. Kreml erməniləri bu halda Avropaya tərəf daha çox itələmiş ola bilər. Çünki erməni mallarına embarqo qoyulub, amma hələ ki nəticələri gözlənilən kimi olmayıb. Rusiyanın atacağı növbəti ağır addım Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq hədəfidir. Bəli, ermənilərin iqtisadi vəziyyəti pisləşə bilər, amma Qərb kompensasiya etməyə çalışacaq. Necə ki son qərar bununla bağlı oldu. Yəni Rusiya Ermənistan məsələsində ciddi vəziyyətlə üzləşib”.
Deputata görə, Kreml qazın qiymətini artırarsa, İrəvan buna cavab olaraq hərbi baza ilə bağlı maliyyə və hüquqi şərtlərin yenidən müzakirəsini tələb edə bilər: “Amma Ermənistan üçün qazın qiymətindəki artımı kompensasiya etməyəcək. Paşinyan bunu yaxşı başa düşür. Elə bu məsələləri dekabrda müzakirə edəcək. Məncə, burada ikibaşlı oyun da görmək olar. Çünki İrəvan Moskva ilə təhlükəsizlik məsələlərində razılaşmasa da, Paşinyan Avrasiya İqtisadi Birliyinin iclaslarında iştirak edir, MDB liderlərinin sammitlərinə gedir. Deməli, iqtisadi mövzularda anlaşılmazlıq yoxdur. Ona görə də Mirzoyanın bəyanatları Rusiya ilə söz güləşdirməkdir. Əslində hər iki tərəfin bəzi məsələlərdə blef etdiyi təəssüratı yaradır”.
Elşad Musayev xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən konsessiya əsasında idarə olunur. O, həmçinin yada salıb ki, Metsamor AES-in fəaliyyəti mühüm strateji məsələdir: “Bir sözlə, Rusiyanın əlində siyasi-iqtisadi təsir vasitələri var. Düzdür, Gümrüdəki hərbi bazanın ödənişinin artırılması məsələsi daha geniş siyasi danışıqların bir hissəsinə çevrilə bilər. Ermənistan da bununla Moskvaya iqtisadi təzyiqə qarşılıq verə biləcəyini göstərir. Ancaq nəzərə alaq ki, Rusiya qaz, dəmir yolu, ticarət və enerji infrastrukturu üzərindəki mövqelərindən istifadə etmək imkanına malikdir. Məncə, Rusiya gözləmə mövqeyindədir”.
Deputat əlavə edib ki, Rusiya Ukraynada gedən müharibədən sonra Ermənistanla münasibətlərə yenidən baxacaq: “Hələlik isə müxtəlif təsir gücləri qalıb - ermənilərin Rusiyadan yaxınlarına pul göndərməsi, erməni miqrantların sıxışdırılması, Aİİ üzvü olduğu üçün ermənilərə Rusiyada imtiyazların olması, rus turistlərin Ermənistana axını...
O baxımdan, Paşinyan hakimiyyəti üçün asan olmayacaq. Qərb dəstəyi artırmalıdır ki, İrəvan Moskvanın təzyiqləri qarşısında duruş gətirə bilsin. Maraqlı məqam budur ki, Rusiya özü də hərbi bazadan siyasi vasitə kimi istifadə edir. Ermənilərə deyilir ki, rus hərbçiləri gedərsə, kim sizin təhlükəsizliyə zəmanət olacaq?! Bu təbliğat müəyyən dərəcədə cəmiyyətə təsir edir. Putin sentyabrda Ermənistan istəsə, Rusiyanın Gümrüdəki bazadan çıxmağa hazır olduğunu bildirmişdi".
Emil SALAMOĞLU,
Mənbə: www.musavat.com