Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bir sıra normativ hüquqi aktlara düzəlişlər ediləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli 813 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Ehtiyatları Agentliyi bir ay müddətində: 2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 2 2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Kollegiya üzvlərinin sayı və tərkibinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 2.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi”nin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 2.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi”nin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin balansından “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi”nin balansına verilməsi ilə bağlı tədbirlər görsün və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 3. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin ləğvetmə komissiyasını yaradaraq həmin publik hüquqi şəxsin ləğv edilməsi istiqamətində iki ay müddətində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. 5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 6. Bu Sərəncamın 1-ci, 4-cü və 5-ci hissələrinin, 2.1-ci və 2.2-ci bəndlərinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik 3 şöbəsinə, 2.3-cü bəndinin icrası Sosial məsələlər şöbəsinə, 2.4-cü bəndinin və 3-cü hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin. 7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mənbə: publika.az