Müstəqil Dövlətlər Birliyində (MDB) Azərbaycan və Ermənistan münasibətləri baxımından diqqətçəkən yeni mərhələ başlayır. İllərdir davam edən münaqişə, siyasi qarşıdurma və qarşılıqlı etimadsızlıq səbəbindən təşkilat çərçivəsində bir sıra çətinliklərlə üzləşən Bakı və İrəvan indi MDB-yə sədrlik etmək niyyətlərini bəyan ediblər. Bu, təşkilatın tarixində ilk belə hadisədir.
Musavat.com təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, MDB-nin baş katibi Sergey Lebedev Azərbaycan və Ermənistanın sədrlik etmək istəyini təşkilatda baş verən müsbət dəyişikliklərin göstəricisi kimi qiymətləndirib. Onun sözlərinə görə, əvvəllər mövcud olan münaqişə və siyasi gərginlik iki ölkənin təşkilat çərçivəsində normal təmaslarına da mane olurdu. İndi isə vəziyyət dəyişib.“MDB-də müsbət dəyişikliklər görürük. Müstəqil Dövlətlər Birliyinin tarixində ilk dəfə olaraq Azərbaycan və Ermənistan sədrlik hüquqlarını bəyan ediblər. Bu, əvvəllər məlum səbəblərdən baş verməyib. Münaqişə yaranıb, bir dövlətin nümayəndələri gəlməkdən imtina edib və təmaslarda başqa çətinliklər yaranıb. İndi və mən bunu özüm də görürəm ki, münasibətlər tamamilə dəyişib”, – deyə Lebedev MDB Parlamentlərarası Assambleya Şurasının iclasından sonra jurnalistlərə bildirib.
Baş katib Qarabağ probleminin həllini və Azərbaycan-Ermənistan münasibətlərində baş verən dəyişiklikləri bu prosesin əsas amillərindən biri kimi göstərib. O, sərhəd məsələlərinin hələ də müəyyən çətinliklər yaratdığını etiraf etsə də, ümumi prosesin iki ölkənin MDB çərçivəsində daha fəal iştirakına doğru getdiyini vurğulayıb.“Qarabağ problemi həll olunub, sərhəd məsələləri ilə bağlı bəzi qətnamələr qəbul edilir ki, təəssüf ki, hələ də ağrılıdır, lakin hər şey Azərbaycan və Ermənistanın indi Müstəqil Dövlətlər Birliyinin tamhüquqlu üzvü olmasına doğru gedir. Və onlar sədrlik etmək istəklərini bəyan ediblər”, – deyə Lebedev əlavə edib.
Xüsusilə diqqətçəkən məqam odur ki, Azərbaycan MDB-yə ilk dəfə sədrlik edəcək. Bu barədə məlumat oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasından sonra açıqlanıb. Razılaşmaya əsasən, 2027-ci ildə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan təşkilatın sədrlik üçlüyünü formalaşdırır.
Bu faktın siyasi əhəmiyyəti Azərbaycanın MDB məkanında artan rolundan daha geniş məna daşıyır. Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsi iki ölkənin eyni təşkilat çərçivəsində əməkdaşlığına ciddi maneələr yaradırdı. Hətta qarşılıqlı təmaslardan yayınma, görüşlərdə iştirakdan imtina və siyasi qarşıdurma MDB-nin fəaliyyətinə də təsirsiz ötüşmürdü. İndi isə təşkilatın baş katibi özü münasibətlərdə köklü dəyişiklik baş verdiyini etiraf edir.
Ermənistanın da təşkilata sədrlik etmək istəyini bəyan etməsi isə ayrıca diqqətəlayiqdir. Çünki İrəvan son illərdə MDB-nin bəzi tədbirlərində iştirakını məhdudlaşdırıb, Qərblə münasibətlərini genişləndirməyə çalışıb. Buna baxmayaraq, təşkilata sədrlik niyyətinin açıqlanması Ermənistanın MDB məkanındakı mövcudluğunu qorumaq və bu platformadan istifadə etmək istədiyini göstərir.
Mənbə: musavat.com