Aleksandr Lukaşenko Vladimir Putini də götürüb Kiyevə gəlsin. Onların təhlükəsiz şəkildə qarşılanacağına zəmanət veririk.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Lukaşenkonun Putinlə Moskvada danışıqlar aparmaq təklifinə münasibət bildirərkən deyib.
"O, məni də özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadana oxşayıram? Məni təyyarəyə mindirib aparmaq istəyir. Moskvaya nə üçün? Bu, sadəcə, ciddi olmayan söhbətdir. Biz müharibə vəziyyətindəyik. Moskvada da, Kiyevdə də görüşə bilmərik. Bütün bunları çox yaxşı başa düşürük. Bu cür qeyri-konstruktiv təşəbbüslər yalnız informasiya məkanını çirkləndirir və müharibənin başa çatmasına kömək etmir”, - o bildirib.
Qeyd edək ki, Lukaşenko Zelenskini Putinlə görüşmək üçün Moskvaya şəxsən müşayiət etməyə və Ukrayna prezidentinin təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirmişdi.
Mənbə: aktual.az