İraqda mərkəzi hakimiyyətlə kürdlər arasında gərginlik artır: Dekabrın 1-nə...

İraqda mərkəzi hakimiyyətlə kürdlər arasında gərginlik artır: Dekabrın 1-nə...

İraqdakı dörd hökumət qolunun rəhbərləri Bağdaddakı federal hökumətlə İraq Kürdüstanı muxtar bölgəsinin rəhbərliyi arasındakı münaqişəni siyasi yollarla həll etmək üçün dekabrın əvvəlində milli dialoq keçirmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, məlumat İraq Prezidenti Nizar Amidinin ofisinin açıqlamasında yer alıb:

"İraq hökumətinin yüksək vəzifəli rəsmilərinin görüşündə Ali Məhkəmə Şurasının sədri Faiq Zeydanın Bağdad və Ərbil arasındakı münasibətlərdəki böhranın həllinə yönəlmiş milli dialoq keçirmək təşəbbüsü dəstəklənib".

Prezident və Ali Məhkəmə Şurasının rəhbəri ilə yanaşı, görüşdə Baş nazir Əli əl-Zeydi və Nümayəndələr Palatasının (parlament) sədri Heybət əl-Həlbusi də iştirak edib.

Bəyanata görə, "görüş iştirakçıları Zeydanın 1 dekabr 2026-cı ildə milli dialoq keçirmək təşəbbüsünü dəstəkləyiblər". Ali Məhkəmə Şurası rəhbərinin sədrliyi ilə keçiriləcək dialoqda "İraq konstitusiyasına uyğun olaraq, federal hökumətlə İraq Kürdüstan bölgəsi hökuməti arasındakı münasibətlərdəki böhranın həllinə töhfə verə biləcək dörd ali hakimiyyət orqanının nümayəndələri, eləcə də maraqlı tərəflər və digər qurumlar bir araya gələcək", - deyə prezident aparatı vurğulayıb.

24 noyabrda İraq hökumətinin başçısı İraq Kürdüstanı hakimiyyətinə neft və neft məhsullarının ixracı üçün yalnız federal Neft Nazirliyi vasitəsilə icazə verməyi və muxtar bölgə daxilindəki bütün sərhəd keçid məntəqələrini mərkəzi hökumət nümayəndələrinin nəzarətinə verməyi əmr edib. Muxtar bölgə rəhbərliyi baş nazirin təlimatlarını birtərəfli, konstitusiyaya zidd və qəbuledilməz hesab edib. İraq Kürdüstanının Baş naziri Məsrur Bərzaninin sözlərinə görə, federal hökumət rəhbərinin təlimatları "tərəflərin əvvəllər Bağdadda apardığı danışıqlarla uyğun deyil".

Qeyd edək ki, bundan əvvəl İraq prokurorluğu Kürdüstan muxtar bölgəsindən neftin gizli yolla İran və Türkiyə ərazisinə daşındığını açıqlayıb. Prokurorluğun açıqlamasında bildirilir ki, İrana daşınan neft orada yerli neftlə qarışdırılaraq satılır.

Daha əvvəl İraq hakimiyyətinin tələbi ilə İranın dəstəklədiyi Kətayib Hizbullah qruplaşması Kürdüstan muxtar bölgəsindən çıxmağa razılıq verib.

Mənbə: musavat.com