Moskva "Zəngəzur dəhlizi"nin reallaşdırılması zamanı Rusiya və İranın maraqlarının nəzərə alınmasını prinsipial əhəmiyyətli məsələ hesab edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, əks halda bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkumdur.
Zaxarova Zəngəzur dəhlizinin Cənubi Qafqazda yeni ayırıcı xətlər yaratmamalı olduğunu vurğulayıb.
Rusiyanın və İranın hansı maraqları var? Zaxarovanın bu bəyanatı Rusiyanın Zəngəzur dəhlizinə qarşı çıxması hesab edilə bilərmi?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Mariya Zaxarovanın bu bəyanatı faktiki olaraq Rusiyanın Zəngəzur dəhlizinin əleyhinə çıxması kimi dəyərləndirilə bilər: “Bu bəyanat o deməkdir ki, bundan sonra Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İran tərəfindən əngəlləyici addımlar atılması gözlənilir. Rusiya və İranın bu dəhlizlə bağlı gözləntiləri və maraqları ondan ibarətdir ki, Rusiya hesab edirki üçtərəfli Bəyanatın 9-cu maddəsinə uyğun olaraq həmin kommunikasiya xəttində Rusiya sərhədçiləri nəzarəti həyata keçirməli idi. Rusiya bu dəhlizi nəzarətdə saxlamaqla ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaqdı. Eyni zamanda Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi istifadə etməyi palnlayırdı. Rusiya Zəngəzur dəhlizinin açılması məsələsini süni şəkildə uzatdı. Nəticədə Ermənistan ABŞ-la bu kommunikasiya xəttinin açılması ilə bağlı anlaşdı. İranın da maraqları Rusiya ilə üst-üstə düşür. İran bu dəhlizin öz ərazisindən keçməsinə çalışırdı. Bununla İran Azərbaycan və Türkiyənin bölgədə rolunu zəiflətmək niyyəti güdürdü, eyni zamanda dəhlizə nəzarəti ələ keçirməklə özünün geopolitik maraqlarına həyata keçirmək aləti əldə etmək istəyirdi. İran həm də dəhlizdən maliyyə vəsaitləri qazanmaq üçün istifadə etməkdə maraqlı idi. Rusiya ilə İran hazırda Zəngəzur dəhlizi ilə bağlı koordinasiyalı hərəkət edirlər. Maraqları budur ki, bununla öz mövqelərini möhkəmlətsinlər və bölgədə yenidən dominant olsunlar”.
Politoloq qeyd edib ki, Zəngəzur yolunun işə düşməsi heç bir halda bölgədə ayrıcı xətlərin olması demək deyil: “Azərbaycanla Ermənistan artıq sülh şəratindədir və sülh müqaviləsini reallaşdırmaq üçün siyasi iradə göstərirlər. Belə vəziyyətdə hansı ayrıcı xətlərdən söhbət gedə bilər. İranı və ABŞ-ı narazı salan həm də odur ki, TRIPP layihəsinin icrasına ABŞ şirkəti nəzarət edəcək”.
Mənbə: musavat.com