Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər səsləndirib, iki ölkə arasındakı münasibətlərdən danışıb.
Musavat.com xəbər verir ki, Kobaxidze bu barədə Gürcüstanın “Rustavi 2” telekanalının “Açıq efir” proqramında bildirib.
“Azərbaycanın çox layiqli lideri var - cənab Prezident Əliyev. Azərbaycanla strateji tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərimiz var”, - Kobaxidze bildirib.
Gürcüstanın baş naziri hər bir dövlətin öz milli maraqlarının olduğunu, Bakı ilə Tiflis arasında bəzi məsələlər üzrə mövqelərin uzlaşdırılmasına ehtiyac duyulduğunu vurğulayıb.
Kobaxidze Keşikçidağ monastır kompleksi məsələsinə də toxunub. O, Mixeil Saakaşvilinin strateji yüksəkliyin Azərbaycana məxsus olması barədə vaxtilə səsləndirdiyi fikirləri xatırladıb.
Baş nazir bu məsələnin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Kobaxidze Kürmük məbədində dini ayinlərin bərpasından da danışıb. O, Azərbaycanla dostluq və tərəfdaşlıq çərçivəsində aparılan danışıqların hər iki ölkənin milli maraqlarına uyğun nəticələnəcəyinə ümid etdiyini bildirib.
Mənbə: musavat.com