Bəziləri xəstəliyinə, yaşına və etimadı itirdiyinə görə partiyadan gedirlər - Musa Quliyev

Bəziləri xəstəliyinə, yaşına və etimadı itirdiyinə görə partiyadan gedirlər - Musa Quliyev

Yeni Azərbaycan Partiyası yarandıqdan sonra ilk qrultay idi ki, ərazi bütövlüyümüz təmin olunmuş şəkildə keçirildi. Cənab Prezident YAP-ın VII qrultayındakı giriş və yekun nitqində olduqca konseptual məsələlərə toxundu. Müstəqillik dövründəki inkişaf YAP-ın yaranması, inkişaf dövrü, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xətt üzrə inkişaf yolundan bəhs edildi. Eyni zamanda tarixi uğurumuz olan 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyümüzün təminatı, Qarabağın işğaldan azad olunması mövzusu ətrafında fikir bildirildi. Cənab Prezident vurğuladı ki, mənəvi bütövlüyümüzün, birliyimizin təmin olunması Qələbəmizin əldə olunmasında mühüm rol oynayıb. Burada YAP-ın xüsusi rolu olub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədrinə görə, iqtisadi inkişaf, Ordu quruculuğu, beynəlxalq sahədə əldə edilən uğurlar, qələbəmizin tam tərkib hissəsi hesab olunur: “Cənab Prezident qurultaydakı çıxışında ölkədə aparılan siyasi dialoq və onun əhəmiyyəti, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, bundan sonrakı dövrdə siyasi proseslərin daha aktiv vüsət almasına imkan yaradacaq məqamlara toxundu. Məhz bunun nəticəsi olaraq 6 siyasi partiyanın YAP-a qoşulmaqla bağlı müraciəti qrultayda qərar qəbul edildi. Cənab sədr qarşıdakı dövrdə yeni çağırışlar və təşəbbüslər barədə mühüm tövsiyyələrini verdi”.

Deputat artıq dünyada və yerləşdiyimiz regionda yeni bir reallığln yarandığını söyləyib: “Bu reallığı Azərbaycanın Ali Baş Komandanı və güclü Azərbaycan Ordusu yaradıb. Yeni reallıqdan çıxış edərək qarşıda duran məsələlərdə bütöv Azərbaycanın inkişafından söhbət gedir. Qarabağda azərbaycanlıların məskunlaşması bu gün müzakirə olunan məsələlərdəndir. Zəngəzur dəhliznin tezliklə işə düşməsi də prioritetdir. Azərbaycan regionun aparıcı ölkəsi kimi siyasi və iqtisadi güc mərkəzinə çevrilir”.

Musa Quliyev YAP-ın qurultayında partiyanın yeni nizamnaməsinin qəbul olunduğunu bildirdi: “Partiyada struktur dəyişikliyi artıq təsdiq olundu. YAP-ın rəhbər orqanı olaraq İdarə heyəti 40 nəfərdən ibarət olaraq seçildi. Partiyanın Veteranlar Şurası isə 35 nəfərdən ibarət formalaşdırıldı. 13 nəfərdən ibarət Partiyanın təftif komissiyası seçildi. YAP Siyasi Şurası ləğv edildi. Yeni formalaşmış orqanlar bundan sonra Partiyaya rəhbərlik edəcək. İdarə Heyətinə cənab Prezident 3 ay müddətində Partiyanın qarşıda duran strategiyasının müəyyənləşməsi, həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. İdarə heyəti qarşıdakı 3 ay müddətində Partiyanın strategiyasını müəyyənləşdirəcək. İnkişafımızın yeni mərhələsində YAP-ın rolu daha yüksək olmalıdır. O cümlədən gənclərin daha fəal milli vətənpərvərlik ruhunda tərbiyə olunması da prioritet məsələlərdən olacaq. Ölkə iqtisadiyyatı, gəcnlərin müxtəlif sahələrə cəlb olunması, Ordumuzun gücləndirilməsi, milli birliyimizin daha da artırılması Partiyanın qarşıdakı dövrdə əsas vəzifələrindən biri olacaq. O cümlədən Partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi və Azərbaycana dost olan siyasi partiyalarla əməkdaşlıq istiqaməti bundan sonra da möhkəmləndiriləcək”.

Millət vəkili Partiya həyatının dinamik bir proses olduğunu qeyd etdi: “Yenilər gəlir, bəzi köhnələr gedir. Bəziləri isə xəstəliyinə, yaşına, etimadı itirdiyinə görə əvvəlki vəzifələrini itirir. Bu təbii bir prosesdir. Partiyanın yenilənmiş rəhbər heyətinin siyahısı dərc olunacaq. Orada yer almış yeni simaları da hər kəs görəcək”.

Mənbə: teleqraf.com