Şuşanın bulaqları da bir tarixdir

Şuşanın bulaqları da bir tarixdir

"Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib"

Azərbaycanın qədim mədəniyyət abidəsi, Prezident İlham Əliyevin "oranı azad etməsək işimiz yarımçıq qalar" dediyi möhtəşəm Şuşa sirli tarixi ilə hələ də bir çoxumuzu heyrətləndirir.

Şuşa yazarın yazdıqca yazmaq istədiyi, tarixçinin araşdırdıqca yeni faktlar üzə çıxardığı işıqlı dünyanın yerüstü bir cənnətidir.

Qarabağın sıldırımlar üzərində qurulan daş-qaşlı tacı elə bir yerdir ki, sirrini yadlara deməz. Həqiqətən də bu bir faktdır ki, oranın həbsxanasında çalışan rəhbər şəxs belə öz işlədiyi yeri araşdırsa da nə sirrini bilib, nə də tarixini.

İndiyə qədər Şuşa şəhəri haqqında qaranlıq qalan məqamlardan biri də oranın məşhur bulaqlarıdır ki, nə tarixi, nə də sahibi haqqında məlumatımız var.

Əksinə, olan bir-iki məlumat da saxta tarixçilərin uydurduğu dezinformasiyadan başqa bir şey deyil.

İsa bulağı, Xan Qızı, Köçərli, Mamay bulağı, Meydan bulağı, Novlu bulaq, Şor bulaq, Çuxur məhəllə bulağı, Yusifli bulağı, Çöl qala bulağı, Xoca Mərcanlı bulağı, Seyidli bulağı, Səkili bulağı, Qotur bulağı və s. və i. hələ də bizə məlum olmayan Şuşa bulaqları silsiləsi mövcuddur.

"Şərq" Şuşa bulaqlarının tarixini oxucularımız üçün araşdırmaq qərarına gəldi.

Bunun üçün şuşalı tarixçi, "Şuşa" qəzetinin baş redaktoru Vasif Quliyevə müraciət etdik. Tarixçi "Şərq"ə danışarkən vurğuladı ki, Şuşada ilk bulaq Şuşa şəhər kimi salınandan təxminən 125 il sonra ərsəyə gəlib:

"1873-cü ilə qədər Şuşada bir dənə də olsun bulaq olmayıb. 120 ildən çox müddət ərzində içməli su da olmayıb. Şuşanın hər iki tərəfindən çay axır. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi.

Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar.

Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Məşhur "Xan Qızı" bulağı var, söhbət həmin o bulaqdan gedir. Xurşidbanu Natəvan həmin bulağın çəkilməsi üçün yüz min qızıl pul xərcləyib. Həmin bulaq bizim Şuşadakı evimizin üst tərəfində yerləşir.

Həmin bulağın suyu 30 kilometrdən də uzaqda yerləşən dağlardan çəkilib Şuşaya gətirilib. Dağlardan gələn su Şuşada sanatoriyanın üstündə çənə yığılırdı. Xurşidbanu xanım öz malikanəsinə bulaq çəkməzdən öncə ilk bulaq suyunu Qazançesos kilsəsinin önünə çəkdirdi".

Qeyd edək ki, Qazançesos kilsəsi Naxçıvanın Culfa rayonunda yarı erməni kənd olan Qazançılar kəndindən gələn ermənilərin Şuşadakı məhəlləsində yerləşirdi. Həmin məhəllə də onların gəldikləri yerin adına görə Qazançılar məhəlləsi adlandırılıb, kilsə də orada onlara görə tikilmişdi və adı da onlara uyğunlaşdırılıb Qazançesos adlandırılmışdı. Kilsəni Çar Rusiyası öz vəsaiti hesabına tiksə də, o, katolik yox, provoslav kilsəsi formasında idi. Hər necə olsa da hər ikisi xristianlığa xidmət edir və oradakı ermənilər də rusların Qarabağdakı əsas dayaqları idi.

Tarixçi V.Quliyev X.Natəvanın niyə öncə kilsəyə bulaq çəkdirməsinin izahını verdi:

"Düşünürdü ki, ora kilsə də olsa dini yerdir, həm də ermənilər orada qonaqdır. Bu səbəbdən də heç öz evinə su çəkdirməmiş bulağı kilsənin önünə çəkdirdi. Daha sonra isə dağlardan çəkilən həmin bulaqdan bir qol da öz xanədanına gətizdirir".

"Şuşa" qəzetinin baş redaktoru sonradan çəkilən bulaqların borularında Azərbaycan adları ilə yanaşı erməni adlarının da yazılmasının niyəsini açıqlayarkən bildirdi ki, həmin bulaqların tarixi 1899, 1900 və 1901-ci illərə aiddir:

"Qeyd etdiyim dövrdə Şuşada əvvəllər Rusiyada yaşayan erməni bir milyoner var idi. Onun məndə vəsiyyətnaməsi də qalıb. Həmin o adam düşünüb ki, Xan qızı Natəvan hörmət əlaməti olaraq bizim kilsəyə bulaq çəkdirib. Həmin bulaq vasitəsi ilə nə qədər erməni susuzluqdan xilas olub. Dediyim o milyoner erməninin qəbri indi də həmin Qaqzançesos kilsəsinin ərazisindədir. O, Xurşidbanunun bu alicənablığını nəzərə alaraq azərbaycanlılar yaşayan digər məhəllələrə su gətirir.

Amma erməni elə hər yerdə ermənidir. İndi bu ermənidir deyə yaxşı sayılmır. Erməninin yaxşısı-pisi yoxdur. Baxmayaraq ki, Natəvanın həmin alicənablığını qiymətləndirə bilib, amma yenə də öz erməni xislətindən əl çəkməyib. Belə ki, o, həmin bulaqların üzərinə onu kimin çəkdirdiyini ərəb hərfləri ilə həm Azərbaycan, həm də ermənicə yazdırıb.

Amma o bulaqlar Şuşada çox az saydadır.

Şuşada hər məhəllənin öz bulağı olub. Məsələn, qədim bulaqlardan biri də məşhur Mehmandarovların çəkdirdiyi "Mehmandarov" bulağıdır. Yeni məhəllədədir o bulaq.

Bulağın üzərində köhnə əlifba ilə bu sözlər yazılıb: "Bismillahir Rəhmanir Rəhim... Bu su bulağının axması və bu su anbarının təmiri (tikintisi) Mustafa bəy və cənab Qasım bəy Mehmandarzadələrin yadigarıdır. 1899-cu il".

Yəni əvvəlcə Şuşa şəhərinə ilk bulağı Pənahəli xanın oranı şəhər kimi 1752-ci ildə yaratmasından təxminən 125 il sonra Xan qızı Natəvan çəkdirib. Daha sonra həmin erməni bir-iki məhəlləyə bulaq çəkib. Mehmandarovlar öz məhəllələrində bulaq yaradıblar. Ümumiyyətlə, digər bulaqları da kimin pulu var idisə öz məhəlləsinə çəkirdi.

Amma bir məsələ var. Sonradan yaradılan bulaqların hamısı Xurşidbanunun çəkdirib Şuşaya qədər gətirdiyi bulağın əsas qollarından yaradılıb".

Beləcə, Azərbaycanın "kiçik Paris"i yaranandan sonra ilk dəfə su ilə Xan qızı Xurşidbanu Natəvanın yüz min qızıllıq sərmayəsi ilə təmin olunub. Şuşa şəhərinə ikinci dəfə su ilə həyat gətirən isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu oldu. O ordu ki, dəmir yumruğu ilə həmin Şuşa suyunu ermənilərin boğazına dağ edib tökdü, özü isə həmin bulaqdan cənnət qurtumu aldı".

Ağarza Elçinoğlu

Mənbə: sherg.az