"Brüssel, Vaşinqton və Moskva formatı artıq həyata keçirilib"

"Brüssel, Vaşinqton və Moskva formatı artıq həyata keçirilib"<span class="qirmizi"></span>

Bir müddət əvvəl Kişinyovda Azərbaycan, Ermənistan liderlərinin görüşü keçirildi. Görüşdə Fransa prezidenti Makron Almaniya kansleri Olad Şolts və Rusiya prezidenti Vladimir Putin də iştirak edirdi. Bu görüş bütün tərəflərin birlikdə toplantısı idi. Ermənistanda danışıqlara müxtəlif tərəfləri cəlb etdiyi kimi Azərbaycan da Türkiyəni cəlb edə bilər. Amma bunun üçün bir qədər zamana ehtiyac var.

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, o, yeni 5-li formatın yeni imkanlar yaratdığını düşünür. Çünkü Qafqazda sülh danışıqları ilə bağlı məsələlər artıq 3-lü formatda davam edir.

Nazim Cəfərsoy

“Brüssel, Vaşinqton və Moskva formatı artıq həyata keçirilib. Bu görüşlərin 5-li formata keçirilməsi, Brüssel formatının bir qədər genişlənməsi mənasını verir. Bunun prosesə əngəl olmayacağını və prosesi yeni simalar qataraq, daha da inkişaf etdirilməsi mənasını daşıyacağını düşünürəm. Yəni bu masaya Fransanın, Almaniyanın daxil edilməsi əslində sülh müzakirələrinin yaxınlaşma işarətlərindən də sayıla bilər. Çünki bu prosesdə Fransanın müsbət rolu da ola bilər. Fransanın prosesə daxil edilməsi sadəcə sülh prosesinin pozulması mənasına gəlmir. Amma eyni zamanda elə təhlükə, elə risk də var. Buna baxmayaraq son dövrlər Fransanın daha yumşaq yanaşma göstərdiyini, bu prosesi dəstəklədiyini də müşahidə edirəm. Xüsusən Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, Ermənistana səfəri Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyi yöndə açıqlamaları, Fransa baş nazirinin Fransa senatı üzrə Erməni lobbisini təmsil edən millət vəkillərinə verdiyi cavab və s. bunlar çox önəmlidir”-deyən Cəfərsoy hesab edir ki, bu sülh müzakirələrinə müsbət təsir göstərən bir məqamdır.

Ekspertin fikrincə, bu bir neçə baxımdan əhəmiyyət daşıyır. Belə ki, birincisi Fransanın BMT-nin Təhlükəsizlik Şurası olaraq, proseslərə siyasi dəstək verməsi bu məqamlardan biri sayıla bilər. Digər tərəfdən Ermənistanın xüsusən Paşinyan hakimiyyətinin dəstəklənməsi üçün Fransanın dəstəyinə ehtiyac var. Bu da bir başqa əhəmiyyətli məqamdır. Digər tərəfdən Fransadakı erməni lobbisinin ən azından müəyyən bir cizgiyə çəkilməsi baxımından Fransanın prosesdə olması faydalı ola bilər.

“Məsələyə Almaniya kontekstindən baxsaq, Almaniyada ciddi bir erməni diasporu yoxdur. Almaniyada son dövrlərdəki müharibə dövüründə neqativ yanaşmalar var. Müharibədən sonrakı dövrdə yavaş-yavaş mərhələli olaraq, Azərbaycan siyasətinə, bölgə proseslərinə daha yumşaq bir kontekstdə baxmağa başlayıb. Almaniyanın prosesə daxil edilməsi, Avropa Birliyinin ən böyük gücünün prosesə dəstəyini ifadə edən bir məqam kimi qiymətləndirilə bilər.

Başqa əhəmiyyətli məqam ondan ibarətdir ki, Almaniya həm də Avropa Birliyinin ən böyük iqtisadi gücüdür. Dünyanın ən böyük iqtisadi güclərindən biridir. Onun prosesə daxil edilməsi sülh müzakirələrinin sürətlənməsi və önümüzdəki dönəmdə normallaşmağa, Qafqazda sülh və əmin-amanlığın təmin edilməsində, Avropa birliyinin iqtisadi dəstəyinin saxlanılması baxımından da faydalı ola bilər.

Almaniyanın proseslərə daxil edilməsi bununla yaxından əlaqəlidir”-deyə Nazim Cəfərsoy qeyd edib. Onun fikrincə, Avropa birliyində proseslərin idarə edilməsi və ya aparılmasında faktiki maliyyə dəstəyi verilməsində Fransa və Almaniyanın, xüsusilə Almaniyanın çox əhəmiyyətli gücü var. Şarl Mişel onları prosesə daxil edərək, əslində bu prosesə Avropa Birliyinin dəstəyini artıran bir məsələni ortaya qoyur.

“İspaniyada da növbəti toplantı olacaq. Bu toplantı da onu göstərir ki, Azərbaycan tərəfinin buna xüsusi etiraz etməməsi, həm görüşdən əvvəl, həm görüş sırasında, həm də görüş sonrasında görünür ki, orada artıq süĺh müzakirələri ilə bağlı prosesləri dəstəkləyici mahiyyətli bir görüş olub. Ən azından bunu demək olar”-deyə Nazim Cəfərsoy vurğulayıb.

Türkiyənin proseslərə cəlb edilməsi məsələsinə gəldikdə, Nazim Cəfərsoy qeyd edib ki, Türkiyə əslində bu prosesdə də var və mütləq bunun diplomatik arenaya da gətirilməsi önəmli bir məqam kimi görülür.

“Türkiyə ilə Ermənistan arasında 2-li formatda müzakirələr var. Müəyyən müsbət mesajlar verilməyə başlanıb. Önümüzdəki dönəmdə mən həm Rusiya-Azərbaycan-Türkiyə-Ermənistan 4-lü formatı, həm də mərhələli olaraq, Türkiyə-Azərbaycan-Ermənistan 3-lü formatı tərzində müxtəlif görüşmələrin gündəmə gələ biləcəyini istisna etmirəm. Çünki bölgədə iki güc var ki, bunlar bir başa sahəyə təsir imkanlarına sahibdirlər. Bunlar Rusiya və Türkiyədir. Rusiya prosesdə çox aktiv iştirak edir. Amma Türkiyə bu prosesdə hələ yavaş- yavaş, yeni qoşulur. Diplomatik müzakirə masasında olmasa da, arxa tərəfdə həm Türkiyəni Rusiya ilə, həm Azərbaycanla həm də Ermənistanla proseslərdə 2-li formatlarda, zamanla 3-lü formatlarda müzakirələri olur”,- deyə ekspert əlavə edib.

İradə Cəlil

Mənbə: www.bizimyol.info