Fransanın “səfir şousu”: Makron “təmizə çıxmaq” üçün son kartını oynayır

Fransanın “səfir şousu”: Makron “təmizə çıxmaq” üçün son kartını oynayır

Fransanın Azərbaycandakı səfirini “mələhətləşmək” üçün geri çağırması bu ölkənin prezidenti Emmanuel Makronun Bakıya qarşı yeni hücumudur. Dioplomatik münasibətlərdə səfirin geri çağırılması ölkələrarası münasibətlərdə böhranın yaranmasından qaynaqlanır və adətən əsas səbəb səfirini geri çağıran ölkəyə qarşı hansısa addımın atılması, yaxud xoşagəlməz halın baş verməsi olur. Bu kontekstdə sual yaranır: Bakı Azərbaycan-Fransa münasibətlərinin pozulması üçün nəsə edibmi?

Proseslər bu məsələdə rəsmi Bakının heç bir günahının olmadığını təsdiq edir. Əksinə, indiyə qədər, xüsusilə 44 günlük müharibədən başlayaraq, Makron anti-Azərbaycan siyasətini açıq müstəviyə keçirib və Azərbaycana qarşı nəinki diplomatik hücumlar edib, hətta ölkəmizin ərazi bütövlüyü və suverenliyini pozmaq istiqamətində addımlar atıb.

44 günlük müharibə dövründə Fransa Qarabağdakı işğal faktının qorunub saxlanılması üçün əlindən gələni etdi. Lakin bu cəhdləri baş tutmadıqda Qarabağda qalmış separatçılar üzərindən Azərbaycanın suverenliyinə qarşı addımlar atmağa başladı. 2020-ci ildə müharibənin başa çatmasından cəmi iki həftə sonra – 25 noyabrda Fransa parlamenti qondarma “artsax”ı tanımaqla bağlı qətnamə qəbul etdi. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün tanınmaması gedişi idi.

Laçın yolunda ekofəalların aksiyası zamanı Fransa “Qarabağdakı ermənilərin blokadası” iddiası ilə beynəlxalq kampaniyaya başladı. Bu məsələni BMT Təhlükəsizlik Şurasına qədər çıxardı. 2022-ci ilin dekabrında BMt TŞ-də Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdi baş tutmasa da, bu siyasətindən əl çəkmədi. 2023-cü ildə BMT TŞ-ni anti-Azərbaycan siyasətinin alətinə çevirmək istiqamətində bir neçə dəfə cəhdlər etdi. Bu siyasətinə Avropa İttifaqını, eləcə də Avropanın digər strukturlarını da qoşdu. Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qərarların da arxasında Fransanın dayandığı sirr deyil.

Makron anti-Azərbaycan siyasətini gizlətmir, bunu açıq şəkildə dilə gətirir. Fransadakı erməni diasporuna Azərbaycana qarşı əlindən gələni edəcəyinə dair verdiyi vədlər var. 2023-c ilin 20 sentyabrında Qarabağda erməni separatizmi ləğv edildikdən sonra “Qarabağ erməniləri qovulub” kampaniyasını təşkil edən, bu məsələ üzərindən Azərbaycana təzyiq etməyə çalışan Makron hazırda İrəvanda olan keçmiş separatçıları da dəstəkləyir, onları beynəlxalq müstəvidə legitimləşdirməyə çalışır. Bunun fonunda Fransa Ermənistanı Azərbaycana qarşı silahlandırır da. Son bir ildə Ermənistanla həbi müstəvidə imzalanan müqavilələr və İrəvana göndərilən silahlar bunun təsdiqidir. Fransa Ermənistanın silahlandırmasını digər ölkələr üzərindən də həyata keçirir. Misal üçün, Hindistandan Ermənistana verilən silahların lobbiçiliyini edən və pulunu verən də Makrondur.

Makronun anti-Azərbaycan siyasətində bütün cəhdləri boşa çıxıb. Əli hər yerdən üzülən Makron sonda Natəvanın heykəlinə qarşı vandalizm aktının törədilməsinə qədər ucuz siyasətə əl atdı.

Bütün bunlar sübut edir ki, Azərbaycan-Fransa münasibətlərinin pozulmasına görə məsuliyyəti rəmi Paris, birbaşa bu ölkənin prezidenti Makron daşıyır. Azərbaycan xarici siyasətdə həmişə bərabərhüquqlu münasibətlərə önəm verir, Fransa ilə də daim dialoqun tərəfdarı olub. Bu münasibətləri pozan Fransa tərəfidir və bütün bunların fonunda səfirin geri çağırılması da Azərbaycana qarşı siyasətin tərkib hissəsidir. Makron bununla öz uğursuz siyasətini ört-basdır etməyə çalışır.

Birincisi, səfiri geri çağırmaqla münasibətlərin pozulması məsuliyyətini Azərbaycanın üzərinə yükləmək istəyir. Çünki onun həyata keçirdiyi siyasət Fransanın bölgədə maraqlarına ziddir və ermənilərə görə bunu etməsi ölkəsində narazılıq yaradır. Bu baxımdan, Makron hər şeyə görə Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışır.

İkincisi, Fransa-Azərbaycan münasibətlərini böhran həddinə çatdırmaq və süni gərginlik yaratmaqla anti-Azərbaycan siyasətini legitimləşdirməyə cəhd edir;

Üçüncüsü, istisna deyil ki, Makronun bu addımı Yelisey sarayını əl keçirmiş erməni lobbisinin istəyidir. Fransa prezidenti bu istəyə boyun əyməklə Fransadakı erməni diasporuna Ermənistan naminə əlindən gələn hər şeyi etdiyini nümayiş etdirir.

Lakin bu addımlar ilk növbədə Fransanın əleyhinədir. Çünki Fransa səfirini geri çağırırsa, Azərbaycan da eyni addımı ata bilər. Bu baş verərsə, Fransanın Cənubi Qafqaza “girişi” tamamilə sıradan çıxa bilər. Bundan öncə Azərbaycan ermənipərəst mövqeyinə görə Fransanın vasitəçiliyindən imtina etdi və bununla Parisin prosesdə iştirakı bloklandı. Bu təsdiq edir ki, Azərbaycana qarşı addımların nəticəsində Fransa bölgədən tamamilə çıxarıla bilər.
 

Mənbə: publika.az