ABŞ Bakıda tutulan İran casuslarını belə müdafiə edir - Bunun qarşısı alınacaq, çünki...

ABŞ Bakıda tutulan İran casuslarını belə müdafiə edir - Bunun qarşısı alınacaq, çünki...

Xəbər verdiyimiz kimi, ABŞ növbəti dəfə anti-Azərbaycan “hesabat”la çıxış edib. Müstəqil xarici və daxili siyasət yürüdən Azərbaycan yenə Amerikanın hədəfindədir.

Aprelin 22-də açıqlanan dünyada “insan haqlarının vəziyyəti”nə dair illik hesabatın Azərbaycana aid bölümü adəti üzrə qərəz və ziddiyyətlərlə doludur. 2-ci və 3-cü dərəcəli ABŞ diplomatlarının sosial medialarında yayılan neqativ məlumatlar dəqiqləşdirilmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir.

KATİBİ.jpg (124 KB)

Dövlət Departamentinin ənənəvi “sənəd”i Azərbaycanın uğurları artdıqca qol-budaq açır. Mahiyyət isə eynidir – Zəfərilə dünyaya səs salan, erməni ordusunu darmadağın edən Azərbaycana siyasi təzyiq göstərmək çabası.

Hesabatda iddia olunur ki, “Azərbaycan Qarabağda tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat başladıb və nəticədə 100 mindən çox sakin - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”.

Azərbaycanın ötən ilin 19-20 sentyabrında Qarabağda antiterror tədbirləri keçirərək orada yuva salan separatçıları məhv etməsi, onların başçılarını isə Bakıya gətirməsi ABŞ-ın yuxusuna əməlli-başlı haram qatıb. Amerika intiqam hissi ilə alışıb-yanır. Əsrlər boyu ermənilərə hamilik edən, onlara gözün üstə qaşın var deməyən, daim erməni əlindən tutan ABŞ ötən ilin avqustundan Qarabağ ermənilərini də düşünər olub. Onların öz xoşları ilə, Azərbaycanın yemək-suyu ilə yola düşmələrindən çox narahatdır. Qarabağı ermənisiz təsəvvür edə bilmir. Halbuki, erməni cəlladları tərəfindən öz doğma torpaqlarından qovulan, başlarına min bir müsibət açılan, soyqırıma məruz qoyulan azərbaycanlıların 30 illik qaçqın, köçkün həyatını görməzdən gəldi. Haqq ermənidir, Ermənistandır dedi.

ABŞ bu dəfə də insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədlərinə çatmaq üçün sui-istifadə edib. Belə ki, sözügedən hesabatın Azərbaycana aid hissəsində hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara basqılardan, jurnalist və fəalların həbslərindən də söhbət açılır.

Öz ölkəsindəki insan haqlarının vəziyyətinə dair açıq hesabatla çıxış etmək isə ABŞ Dövlət Departamentinin ağlının ucundan belə keçmir. Hansı ki, Azərbaycana qarşı saysız-hesabsız ittihamlarla çıxış etməyi özünə peşə seçən ABŞ-da dini rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması halları adi hal alıb. “ABŞ polisi növbəti qaradərilini öldürdü” kimi başlıqlar mütəmadi olaraq saytların xəbər lentinə əlavə olunur. Polis qətllərinə etiraz olaraq minlərlə insan küçələrə axışır, nəticə isə demək olar ki, dəyişməz olaraq qalır. ABŞ polisi öz əməlinə sadiqdir.

AXİS.jpg (135 KB)

ABŞ-da cinayətkarlığın, dini və etnik zəmində qətllərin nisbəti son illərdə sürətlə artır. Təkcə 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. FTB-nin hesabatına görə, 2021-ci ildə nifrət cinayətlərinin qurbanlarının 64,5 faizi irqi qərəz, etnik mənsubiyyət və ya mənşəyə görə qərəzlilik səbəbindən törədilib. Eyni zamanda öldürülənlərin 14,1 faizi sırf dini nifrət üzərindən, dini mənsubiyyətinə görə olub. Qətllərin yarıdan çoxu isə antisemitizm və islamofob təzahürlüdür.

Sənəddə həmçinin Bakıda və ətraf rayonlarda İran casuslarının həbsi ilə bağlı narahatlıq da bəyan edilib. Hesabatda deyilir ki, il ərzində hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çoxlu sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilib: “Bu həbslər İranın casus şəbəkələrini hədəfə alma kimi səciyyələndirilsə də, məlum ittihamların böyük əksəriyyəti narkotiklə əlaqəli cinayətlərlə bağlıdır”.

ABŞ artıq neçənci dəfədir Azərbaycanda İran agenturasının ifşa olunmuş nümayəndələrinin həbsini “dini azadlığın pozulması” kimi təqdim edir.

Azərbaycanda heç vaxt sünni-şiə məsələsi olmayıb. Azərbaycanda dini zəmində problem yoxdur. Azərbaycanda kimisə inancına görə tutmurlar. Azərbaycan dini tolerantlıq olan ölkədir. Bu istiqamətdə dünya ölkələrinə nümunədir.

ABŞ riyakarlığı yenə özünü büruzə verir. Amerika on illiklərlə İranı özünün düşməni kimi təqdim edir, amma reallıq göstərir ki, bu, oyundur və iki ölkə bir çox məsələlərdə gizli sövdələşməyə gedərək regionda prosesləri idarə etməyə çalışırlar. Xüsusilə də sülh adı altında Qafqaza girmə cəhdləri puç olan dövlətlər indi Azərbaycana, qardaş Türkiyəyə qarşı müxtəlif qarayaxma kampaniyaları aparırlar. Lakin bütün cəhdlərə baxmayaraq, ABŞ-ın hər il sosial şəbəkələrdə yayılanlara əsaslanaraq hazırladığı bu hesabatlar artıq ciddi qəbul edilmir. ABŞ bu məsələdə özünü yormasa, daha yaxşı olar. Çünki bu hesabatlar sadəcə iç yanğısının təcəssümüdür.

Açıq görünür ki, ABŞ Azərbaycanda dini zəmində gərginlik yaratmaq üçün İranla bağlı bu qruplaşmalardan təzyiq vasitəsi kimi istifadə etməyi düşünürmüş, indi onların ifşa olunması və planların pozulmasını qəbul edə bilmir.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu da ABŞ-ın ənənəvi, qeyr-ciddi hesabatına münasibət bildirib.

O, Musavat.com-a açıqlamasında qeyd edib ki, ABŞ-ın Dini Azadlıq Komissiyasının Azərbaycana qarşı növbəti hesabatı əvvəlkilər kimi xeyli suallar doğurub:

“İranı düşmən adlandıran ölkənin komissiyası Azərbaycanın qonşu ölkənin agentura şəbəkəsi ilə mübarizəsini “siyasi motivli” adlandırıb. Bu halda Vaşinqton Azərbaycana nə məsləhət görür? Azərbaycanı radikal dini dövlətə çevirmək istəyən və bu məqsədlə İrandakı mərkəzlərin onlara ayırdığı maliyyəyə seyrçimi qalmalıyıq? Azərbaycan dünyəvi müsəlman ölkəsidir və sözdə Vaşinqton bunu hər zaman təqdir etdiyini vurğulayır. Ancaq Vaşinqtona bağlı komissiya qərəzli hesabatıyla sanki dünyəvi seçimimizə qarşı çıxır edir.

Əslində ABŞ-ın Dini Azadlıq Komissiyası Dövlət Departamentinə də zidd siyasət yürüdür. Çünki Dövlət Departamenti və bir-birini əvəz edən dövlət katibləri İranın Azərbaycana təsirinin artırılmasının əleyhinədir, biz də bunu istməirik. Dövlət Departamenti bölgədə və Azərbaycanda sabitlikdə maraqlı olmalıdır. Çünki Azərbaycanda sabitlik pozularsa, bu Amerikanın maraqlarına da zidd olacaq. Buna baxmayaraq, ABŞ-ın başqa bir qurumu Azərbaycanda sabitliyi pozmaq istəyən radikal qüvvələrə pas ötürməyə hesablanan sənəd hazırlamağı və yayımlamağı lazım bilib. Bizə açıq deməliydilər ki, “İranın Azərbaycanda radikallar vasitəsilə təsir imkanlarının artırılmasına mane olmayın”. Bunu yazsaydılar, daha səmimi olar və iç üzlərini daha aşkar açardılar.

Bu kimi hesabatlar Azərbaycanın daxili işlərinə qarışmaqdır. Azərbaycan müstəqil qərarlar əsasında xarici və təhlükəsizlik siyasətini formalaşdırır və əgər hansısa ölkə təhlükəsizlik maraqlarımıza zidd siyasət yürüdəcəksə, bunun qarşısı alınacaq, alınmaq məcburiyyətindədir. Çünki söhbət vətəndaşların sakit şəraitdə yaşamalarından və təlatümlərindən uzaq durmalarından gedir. Bu mənada ABŞ-ın Dini Azadlıq Komissiyasının Azərbaycanı hədəf seçən İrandakı radikal dini qruplardan heç bir fərqi yoxdur, hər ikisindən özümüzü qorumalıyıq”.

Aytən Novruz

Mənbə: musavat.com