Trampın bu paylaşımı səs-küyə səbəb oldu: silmək məcburiyyətində qaldı

Trampın bu paylaşımı səs-küyə səbəb oldu: silmək məcburiyyətində qaldı

Tramp “Truth Social” sosial media hesabında 2024-cü il ABŞ prezident seçkilərinin qalibi özü olmuş kimi hazırlanan video paylaşıb.

Videoda istifadə edilən bəzi ifadələr reaksiyaya səbəb olduğundan Tramp 19 saat sonra paylaşımını silməli olub.

Videoda vahid müqəddəs imperiya mənasını verən “Birləşmiş Reyx” ifadəsinin nasist Almaniyasını yamsılaması ilə bağlı şərhlər edilib. Eyni zamanda videodakı ifadələr nasist lideri Adolf Hitlerin “Mein Kampf” kitabındakı “irqçi və antisemitizm” ifadələrinə bənzədilib.

Paylaşımda “Donald Tramp qalib gəldikdən sonra ABŞ-da nələr olacaq?”, “Birləşmiş Reyxlə sənaye gücü əhəmiyyətli dərəcədə artacaq” başlıqları və 15 milyon qeyri-qanuni immiqrantın deportasiya ediləcəyi ilə bağlı açıqlamalar yer alıb. Bu açıqlamalar Demokrat Partiyasının üzvləri tərəfindən tənqid edilib.

Trampın seçki kampaniyasının sözçüsü Karoline Leavitt ABŞ mətbuatına açıqlama verib: "Bu, kampaniya videosu deyildi, internetdə təsadüfi bir hesab tərəfindən yaradılıb. Bu, Trampın məhkəmədə olduğu müddətdə bu sözü aydın görə bilməyən bir heyət üzvü tərəfindən paylaşılıb”.

Roza Şəfiyeva

Mənbə: publika.az