İlham Əliyevin duası...

İlham Əliyevin duası...

Zəngilana gedirəm, Prezident İlham Əliyevin qəbul olunan dualarına baxmağa…

Araz boyu irəlilədikcə oğurluq edilmiş taxıl zəmiləri kimi başı qoparılıb sovurulan evlər sanki ağacların daldasında gizlənməyə, görünməməyə çalışır.

Təməlinə kimi sökülüb xarabazara çevrilən yurdların yerində yeni təməllər gözə dəyir, vətən başdan-başa tikilir.

Uşaqlara deyirəm ki, işğaldan azad olunan torpaqlar nəsə 20 faiz kimi görsənmir.

Zəngilana çatanda özümü sahildən xeyli uzağa üzən və dənizin az qala ortasına düşən dalğıc kimi hiss edirəm. Vətən səni dalğa kimi çəkdikcə çəkir…

Təyinat nöqtəsinə çatanda məni az qala böyük bir heyət qarşılayır. Heydər Əliyev Fondunun əməkdaşları Zəngilanda tikilən məscidi təqdim etmək üçün bir-birlərinin ağzından sanki estafet alırlar.

Zəngilan məscidinin qalıqları arasında Qarabağda bərpa olunacaq məscidlərin sərgisi nümayiş olunur. Allahın hansı bölgədə evi var və o nə vəziyyətdədir.

Fotosərgilərdən sonra sən həyətə çıxırsan və qarşında Azərbaycanın müasir memarlıq incisi sayılacaq bir Allah evi var.

Zəngilanda tikilən bu məscidlə tanış olduqca məni duyğular bürüyür.

Düşünürəm, İlham Əliyev bütün Qarabağı tikir, bütün qarabağlılar üçün tikir. Amma o, həm də bütün Qarabağı tanrı üçün tikir.

Yüz minlərlərlə məcburi köçkün üçün ev tikirsə, birinci buna Allahın evindən başlayır.

Düşünürəm ki, niyə bütün məscidlər Allahın evi adlandırılır?

Zəngilan məscidi o qədər gözəl, o qədər ecazkar və sanki göydən göndərilən tikili kimidir ki, məscidlərə tanrının evidir deyiriksə, bu məkan Allahın bəy otağıdır.

Geri dönəndə yolboyu hey düşünürəm…

Axı 44 günə qaça-qaça gəlsəydim də bu qədər yolu qət eləmək olmazdı.

Necə olub ki, biz bu qədər məsafəni qət eləyə bilmişik?!

Sualıma cavab var:

Zəngilana yol Cocuq Mərcanlıdan keçir.

2016-cı ildə Azərbaycan əsgəri Lələtəpəni azad edəndə Ali Baş Komandan vətənin azad olunmuş ilk parçasında məscid tikir və deyir ki, bu məscid Şuşa məscidinin üzərində tikilib, sanki onu ehtiva edir.

Bizim vətən müharibəsində qələbəmizi şərh edənlər həmişə deyirlər ki, rəşadətli ordumuz, Müzəffər Ali Baş Komandanımızla yanaşı, tanrı da bu döyüşdə bizim yanımızda oldu.

Məncə səhv deyil, işğaldan azad olunan hər kənddə, hər obada bizim tikdiyimiz birinci ev Tanrıya məxsusdursa, bu, Azərbaycanın qışqırmadan, heç bir əlavə nümayiş etdirmədən ibadətinin sübutudur.

Tanrının yeni evinin başında dövrə vururam.

Məscidin düz yaxınlığındakı xarabalığa çevrilmiş yerdən şəklini çəkirəm.

Xarabalıqların arxasından ucalan qoşa minarənin şəklinə baxıb şair Qulu Ağsəsin 20 il əvvəl oxuduğum və bir dəfəyə əzbər yadımda qalan şerini pıçıldayıram:

Durub tövbə eləməyə

Mənə yer ver İlahi,

Elə bir yer baxım görüm,

Sənsən hər yer, İlahi…

Həyatında Məkkə də görmüş bir adam kimi, bu dəfə Zəngilan məscidində təvaf edirəm. Dodaqlarımda bu ifadədir:

Sənsən hər yer, İlahi…

Elbrus Ərud

Mənbə: qafqazinfo.az