NATO Baş katibi Rusiya iqtisadiyyatını dəstəkləyən 3 ölkənin adını açıqlayıb

NATO Baş katibi Rusiya iqtisadiyyatını dəstəkləyən 3 ölkənin adını açıqlayıb

"Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Sofiyada NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.
Yens Stoltenberq bildirib ki, Çin ən mühüm ticarət tərəfdaşı olmaqla yanaşı ikili təyinatlı avadanlıqların çatdırılması ilə Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir.

"Çin heç bir mərhələdə Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib. Çin Rusiya ilə iqtisadi ticarət əlaqələrini gücləndirib. Rusiya mikroelektronikanın 90%-ni Çindən alır və bu mikroprosessorlar, mikroelektronikadan Rusiya raketlər, döyüş tankları, təyyarələr yaratmaq üçün istifadə edir və sonradan bunlar Ukraynaya qarşı amansız müharibə aparmaq üçün istifadə olunur. Çinin bu iqtisadi dəstəyi olmasaydı, Rusiya bu müharibəni Ukraynaya qarşı indi apardığı kimi apara bilməzdi. Bunun müqabilində Rusiya öz gələcəyini Pekinə girov qoyur".

NATO Baş katibi deyib ki, Rusiyanın digər təchizatçısı İrandır. "Bu ölkə Rusiyaya dronlar tədarük edir Tatarıstanda yeni dron zavodu tikməkdə Rusiyaya kömək edir".
Stoltenberq Rusiyanın yaxın tərəfdaşları sırasında Şimali Koreyanın da adını çəkərək əlavə edib ki, Şimali Koreya Rusiyaya bir milyondan çox mərmi, artilleriya mərmisi verib. "Bunun müqabilində Rusiya İran və Şimali Koreya ilə raket və nüvə proqramlarını inkişaf etdirməyə imkan verən texnologiyanı paylaşır".

Mənbə: apa.az