Qarabağ müharibəsinin başlaması halında Belarusun Ermənistana hərbi yardımı mümkün deyil – EKSPERT

Qarabağ müharibəsinin başlaması halında Belarusun Ermənistana hərbi yardımı mümkün deyil – EKSPERT

Belarus siyasi icmalçısı Roman Yakovlevskinin

Ordu.az-a müsahibəsini təqdim edirik: - Bakı ilə Minsk arasında mövcud hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Mən hazırkı əməkdaşlığın müsbət bir dinamikaya malik olduğunu deyə bilərəm. Bu əməkdaşlığın əsas fiquru Belarus “Polonez” YARS-sıdır. Bildiyimiz kimi, Azərbaycan onun ilk və indiyə qədər tək alıcısıdır. Belarus müdafiə sənayesi üçün məhsullarının belə bir istehlakçısının mövcudluğu çox vacibdir. İlk növbədə ödəmə qabiliyyətidir. Bu, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində etibarlı mühit yaradıb.

- Fikrinizcə, Azərbaycan Belarusu nə üçün yeni hərbi-texniki tərəfdaş kimi seçdi?

- Hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda effektiv əməkdaşlıq etdiyini xatırlatmaq vacibdir. Bu gün neytrallığı anlamaqda onların mövqeləri yaxındır. Minsk bu barədə hər imkan düşəndə xatırladır. Xatırladaq ki, keçmiş SSRİ respublikaları arasında yalnız Belarus və Azərbaycan əməkdaşlığın hərbi-texniki sahəsini istisna etməyən Qoşulmama Hərəkatının üzvləridir.

Aydındır ki, Bakını Belarusun müdafiə sənayesinin məhsullarının keyfiyyəti və onların satış şərtləri qane edir. Mən həm də iki ölkənin liderləri arasındakı etibarlı münasibətin vacib, bəlkə də həlledici amil olduğunu deyə bilərəm.

- Minskin Qarabağa aid mövqeyi nədən ibarətdir?

- Bu hamıya məlumdur - Azərbaycanın ərazi bütövlüyü və bu problemin sülh yolu ilə həll edilməsi. Belarus rəhbəri bir neçə dəfə münaqişəli tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Bu gün Minsk Ukraynanın şərqindəki müharibədə danışıqlar platforması rolunda çıxış edir və mən Qarabağa dair belə bir platformanın ortaya çıxma ehtimalını istisna etmirəm. ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması üzrə hazırkı adı yeni məzmunla doldurula bilər.

- Ermənistanda Azərbaycanla müharibə vəziyyətində KTMT-nin köməyindən danışırlar. Sizin fikrinizcə, Belarus öz hərbçilərini Azərbaycana qarşı Ermənistana kömək etmək üçün göndərəcəkmi?

- KTMT-nin öhdəliklərinə görə, bu təşkilatın üzvləri bir-birinə yardım etmək, bir-birini qorumaq məcburiyyətindədirlər. Lakin mövcud reallıqlarda danışdığınız yardım sadəcə mümkün deyil. Bu yardım üçün bütün KTMT üzvlərinin razılığı tələb olunur. Bu razılıq isə yoxdur və ola da bilməz.

KTMT üzvü olan Ermənistanın qonşu Azərbaycanla müharibə vəziyyətində olmasına baxmayaraq, Bakı ilə nəinki Belarus, həm də bu qurumun qalan üzvləri də hərbi-texniki əməkdaşlığı inkişaf etdirir.

Bəhram Batıyev

Mənbə: ordu.az