“Makron bölgəmizdə yeni müharibə ocağının alovlanmasını arzulayır” - Millət vəkili

“Makron bölgəmizdə yeni müharibə ocağının alovlanmasını arzulayır” - Millət vəkili

“Fransanın Ermənistana hücum xarakterli öldürücü silah təklif etməsi və bununla bağlı iki ölkə arasında növbəti sazişin imzalanması Parisin Cənubi Qafqazda sülhə başlıca təhlükə olaraq qalmaqda davam etməsinin göstəricisidir. Fransa açıq şəkildə bölgəmizdə 30 il ərzində işğalçılıq siyasəti yürütmüş bir ölkəni silahlandırır. Makron hakimiyyətinin aşkar formada yürütdüyü anti-türk və anti-Azərbaycan siyasətindən çıxış etsək görərik ki, bu silahlar Ermənistana əbəs yerə verilmir”.

Bu sözləri Fransanın Ermənistana yeni silahlar satmasına dair sazişin imzalanmasını şəhr edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkili hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəminin və delimitasiya prosesinin həyata keçirildiyi zamanda Fransanın bu addımı sabitliyə ciddi təhdiddir: “Bu, növbəti dəfə onu göstərir ki, rəsmi Paris Cənubi Qafqazda son 3 il ərzində formalaşmış sülh gündəmini həzm edə bilmir. Makron hər vəchlə özünün siyasi kin-küdurətini geosiyasi, dövlətlərarası müstəviyə daşıyır. Onun türk, Türkiyə, Azərbaycan düşmənçiliyi Fransa boyda dövləti əsirə çevirib”.

E.Allahverdiyevin fikrincə, Makron Fransasının belə aqressiv, şovinist və tərəfkeş xarici siyasi davranışı geniş geosiyasi məkanda qeyri-sabitliyə yol açır.

“Fransanın Ukrayna-Rusiya qarşıdurmasında oynadığı qızışdırıcı rola fikir verin. Fransadan savayı heç bir Qərb dövləti açıq şəkildə Ukraynaya hərbi kontingent göndərməkdən danışmır. Ermənistana veriləcək və ya verilmiş silahları nəzərə alsaq, Makron bizim bölgəmizdə də yeni müharibə ocağının alovlanması və insan tələfatlarının baş verməsini arzulayır” – deyən millət vəkilinin sözlərinə görə, Makronun bu siyasəti digər dövlətlərə təhdid olmaqla yanaşı, həm də Fransanın özünün geosiyasi iflasına yol açır.

“Son aylar ərzində Fransanın beynəlxalq müstəvidə uğradığı uğursuzluqların başlıca səbəbi Makronun qızışdırıcı və təhlükəli siyasətidir. Yeni Kaledoniyada yerli xalqın fransız müstəmləkəçiliyinə qarşı üsyanı bunun əyani sübutudur. Fransada istehsal edilmiş silahlara görə Qafqazda yenidən qan axıdılmalıdır?” – deyə deputat vurğulayıb.

E.Allahverdiyevin sözlərinə görə, Makron Ermənistana silah verməklə ilk növbədə bu ölkədə olan revanşist qüvvələrə dəstəyini göstərmək istəyir: “Ermənistan hakimiyyəti mövcud vəziyyəti anlamağa cəhd edir və əslində, buna məcburdur. Paşinyanın atdığı son addımlar belə qənaətə gəlməyə əsas verir. Fransanın bölgəyə miltarist yanaşması isə onu göstərir ki, Parisdəkilərin niyyəti erməni cəmiyyətinin revanşist qismini ayağa qaldırmaq, radikalları həvəsləndirmək, qidalandırmaqdır.

Bu yolla həm Paşinyana təzyiq edilir ki, Azərbaycanla yekun sülhə gedilməsin, həm də bölgəmizdə bizim liderliyimizlə həyata keçirilən layihələrə əngəl yaransın. Paris göstərmək istəyir ki, bölgəyə təzyiq etmə iqtidarındadır. Bu, olduqca təhlükəli yanaşmadır”.

Millət vəkili hesab edir ki, Makronun Fransa daxilindəki bərbad reytinqi və bu yaxınlarda Avropa Parlamentinə uduzduğu seçkiləri belə aqressiv xarici siyasətlə kompensasiya etmək niyyəti uğurla nəticələnməyəcək: “Makron siyasi cəhətdən tükənmiş liderdir. Həm ölkəsi, həm də partiyası üçün. Fransanın həm daxili üçün, həm də dünyadakı hazırki reputasiyası baxımından restarta ehtiyacı var. Makronun buna gücü də çatmır, vaxtı da yoxdur”.

Mənbə: qafqazinfo.az