İranın Azərbaycandakı əsrarəngiz gücü – Ona hüquq mühafizə orqanları da bata bilmir

İranın Azərbaycandakı əsrarəngiz gücü – Ona hüquq mühafizə orqanları da bata bilmir

Din duyğusu insanın fitrətindən gəlir. Tarixin heç bir anında dinsiz toplum olmayıb və yəqin ki, olmayacaq da. Təsadüfi deyil ki, 70 illik sovet hakimiyyəti ateist toplum yaratmağa çalışsa da buna nail ola bilmədi. Dinin qadağan olunduğu cəmiyyətdə mövhumatçılıq yayıldı və içi boşaldılmış dindarlıq duyğumuz xaricdən təlqin olunan zərərli “ilahi” ideologiyalara açıq hala gətirildi.

SSRİ dağıldıqdan sonra ölkəmizdə bütün dini və məhzəbi çevrələr kök salmağa çalışsalar da, milli bütövlüyümüzü və kimliyimizi təhdid edən əsas dini-siyasi cərəyanlar İran və Səudiyyə Ərəbistanından təlqin olundu. Etiraf edək ki, bir-birinə zidd siyasi hədəflər üzərində qurulan və əsrlər boyu İslam coğrafiyasını qana bələyən islam məzhəbçiliyinin bu iki qanadı Azərbaycanda özlərinə ciddi elektorat da toplaya bilib və ölkəmizi hər an partlayacaq barıt çəlləyinə çevirib.

Səudiyyə Ərəbistanının təlqin etdiyi sələfilik Yaxın Şərqdə böyük qətliamlar törədən İŞİD-i və onun yerli qurumlarını doğurduğu kimi, İran kökənli siyasi şiəlik də getdikcə dövlət quruluşumuzu ciddi şəkildə təhdid edir. Yaxın perspektivdə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsini, dünyəvi dövlətçilik prinsiplərinin ortadan qaldırılmasını, uzaq perspektivdə isə xalqımızın milli dəyərlərininin yox edilməsini və farslaşdırılmasını hədəfləyən siyasi şiəlik bu xüsusiyyətləri ilə sələfilikdən az təhlükəli deyil, əksinə yüzillərlə formalaşmış mədəni-mənəvi dünyamıza yad olmadığı üçün daha rahat həyata keçirilmə qüdrətinə malikdir.

Azərbaycana təlqin olunan siyasi siəlik ideologiyasının yayılma mexanizminə nəzər salanda onun onillərdir dəyişilməyən eyni metod və şəxsiyyətlərlə aparıldığını müşahidə edə bilərik. Bu təbliğat mexanizminin başında isə İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Əliəkbər Ocaqnejad dayanır.

Maraqlıdır ki, 1992-ci ildən indiyədək Azərbaycan xüsusi xidmət orqanlarının dəfələrlə zərərsizləşdirdikləri terrorçuların yetişdirilməsində İran Mədəniyyət Mərkəzinin adı hallansa da, nə bu qurumu, nə də Seyyid Əliəkbər Ocaqnejadı yerindən tərpətmək mümkün olmayıb. Jurnalist Natiq Cavadlının illər öncə yazdıqlarına inansaq, Azərbaycan xüsusi xidmət orqanları ilk dəfə 1993-cü ildə höccəttülislam Ocaqnejadın dövlət təhlükəsizlik prinsiplərinə zidd fəaliyyətlə məşğul olduğunun fərqinə varmış, onu “Təzəpir” məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürmüşdü. Hətta o zaman Ocaqnejadı həbs etmək əməliyyatı hazırlansa da, naməlum səbəblərdən bu, baş tutmamışdı.

Bənzər hadisə 2011-ci ildə də yaşanıb. Həmin ilin avqust ayının 12-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə bəyanat yayaraq, “ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqla xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlunun saxlanıldığını” bəyan etmişdi. Həmin birgə məlumatda İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin də adı hallanırdı. Qeyd olunurdu ki, Abgül Süleymanov və "Cəfəri" adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən radikal şiəmeyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar: “"Cəfəri" adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunuları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər”.

2011-ci ildəki məlum hadisədə İran Mədəniyyət Mərkəzi və onun rəhbərinin adı ağır cinayətdə hallansa da, barələrində heç bir ölçü götürülmədi. Bu da azmış kimi, həmin ittihamla həbs olunanlar məhkəmədə tamamilə başqa maddələrlə günahkar bilinərək cəzalandırıldılar. Həbs olunanların vəkili Elçin Namazov 2012-ci ildə mətbuata verdiyi açıqlamada bu faktı dilə gətirərək deyirdi: “Təəccüblü budur ki, adları qeyd olunan şəxslərin heç biri bəyanatda göstərilən hərəkətlərə görə ittiham olunmayıb. Onların hər üçü silah və narkotik maddə saxlamaqda ittiham olunur”.

Belə görünür ki, Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmə sistemi İran Mədəniyyət Mərkəzi və onun rəhbərinin fəaliyyətinə hüquqi qiymət verməkdən vaz keçərək ittiham aktını dəyişdirib. Beləcə, dövlətə qarşı düşmənçilik ittihamı silah və narkotik saxlamaq ittihamına çevrilib. Azərbaycan hüquq sisteminin bu məcburi addımının bir məntiqi açıqlaması ola bilər – rəsmi Bakı İran Mədəniyyət Mərkəzini və onun rəhbəri Ocaqnejadı instintaq prosesinə cəlb etməkdən çəkinib.

Sual oluna bilər: Seyyid Əliəkbər Ocaqnejadı bu qədər güclü edən nədir?

Zənnimizcə, bu sualın cavabı Ocaqnejadın bioqrafiyasında gizlənir. Gəlin, onun əsrarəngiz gücünə öz rəsmi saytında yer alan bəzi məlumatlar işığında nəzər salaq:

Ocaqnejadın şəxsi bioqrafiyasında ən çox diqqətimizi cəlb edən cəhət onun İran dini liderinin nümayəndəsi olmasıdır. İranın həqiqi siyasi iradəsinin nümayəndəsinin mədəniyyət xadimi adı altında ölkəmizdə fəaliyyət göstərməsi nə dərəcədə qanuna uyğundur? Ümidvarıq ki, bu suala Azərbaycan rəsmiləri cavab verəcəklər. Ən azı, ona görə ki, ən yüksək siyasi iradənin nümayəndəsi olan şəxslər hansısa xarici ölkədə yalnız səfir kimi təmsil oluna bilərlər və onların fəaliyyəti müəyyən çərcivədə məhdudlaşmalıdır. Ocaqnejad isə mədəniyyət mərkəzinin rəhbəri kimi cümə namazları qıldırır, başına toplanan insanlara dini-siyasi xütbələr verə bilir. Məlumatlara görə, hətta bu xütbələrdə Azərbaycan dövləti və hakimiyyəti əleyhinə təbliğat aparmaqdan belə çəkinmir. MTN-nin və Baş Prokurorluğun yaydığı birgə məlumatlara görə, bəzən Azərbaycan vətəndaşlarını yoldan çıxarıb müəyyən təxribatlara belə sövq edir. Buna baxmayaraq, onun əməllərinə hüquqi qiymət verən tapılmır.

Digər tərəfdən, İran siyasi sistemində ali dini liderin nümayəndəsi həmin ölkənin müxtəlif regionlarının yerli hakimi sayılır. Onlar imam cümə adlansa da, səlahiyyətləri sadəcə cümə günləri namaz qıldırmaqla, xütbə oxumaqla tamamlanmır, prezident tərəfindən təyin olunan valilərdən, icra hakimiyyətinin başçılarınından daha səlahiyyətli şəxs sayılırlar. İranda məşhur olan bir deyimə görə, valilər və icra başçıları hətta "su içəndə" belə Ali Rəhbərin nümayəndəsindən icazə alırlar. Yəni onların daşıdıqları status simvolikdir.

Maraqlıdır ki, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadənin malik olduğu idarəetmə gücü də ölkəsindəki simvolik valilərin simvolik səkahiyyətlilərindən fərqlənmir. İran səfirliyini də o yox, Ocaqnejad idarə edir. İndiyədək neçə səfir dəyişsə də, Ocaqnejadın yerində qalması bu iddianı təsdiqləyir.

Ocaqnejadın ali dini liderin nümayəndəsi statusu daşıması isə təkcə səfirlik üçün nəzərdə tutulmayıb. Höccətullah həm də ali dini rəhbərin bütün Qafqaz üzrə nümayəndəsidir, bu isə, İranın Azərbaycana və regiona öz əyalətlərindən biri kimi baxmasına dəlalət edir.

Üstəlik, bu yanaşma təkcə Ocaqnejadın statusunda da özünü göstərmir. İran rəsmiləri dəfələrlə bu fikirlərini açıq şəkildə dilə gətirməkıə, rəsmi Bakıda qıcıq yaradıblar. Dərd burasındadır ki, İran bu yanaşmasını yalnız dilə gətirməklə qalmır, Ocaqnejad timsalında gördüyümüz kimi həm də bu istiqamətdə real addımlar atır. Azərbaycan rəsmiləri isə bu rəzalətə susurlar.

Seyid Əliəkbər Ocaqnejadı İranın əsrarəngiz gücünə çevirən maraqlı keçmişi var. Məlumata görə, 1956-cı ildə Ərdəbildə dünyaya göz açan Ocaqnejad dini təhsilini Qum şəhərində alıb. Onun gənclik illəri İran islam inqilabı dövrünə təsadüf edir. Həmin dövrlərdə aktiv inqilabi fəaliyyətlə məşğul olan Ocaqnejad Cənubi Azərbaycanın bir çox şəhərlərində alovlu çıxışları ilə ad çıxarıb, bu əziyyətinin bəhrəsini isə inqilabdan sonra görüb. Məlumata görə, o, ilk dəfə 1981-ci ildə ayətullah Xomeyninin nümayəndəsi kimi Astaraya imam-cümə təyin olunmuşdu. Həmin dövrlərdə Astara İranın ən həssas bölgələrindən hesab olunurdu. Sərhəd problemləri və müxtəlif əks-inqilabçı qrupların fəaliyyəti Astarada xaosa yol açmışdı. O, bu gərgin vəziyyəti aradan qaldırmaq üçün çox böyük səylə çalışır, bu fəaliyyəti isə əks-inqilabçı qrupların xoşuna gəlmir və imam-cümə Astara kəndlərindən birində sui-qəsdə məruz qalır. Kənd məscidində toplanmış camaatın müdafiəsi sayəsində əks-inqilabi hücumlar ona zərər yetirə bilmir.

1982-ci ildə elmini artırmaq üçün Quma yollanan Ocaqnejad qısa zamandan sonra İran-İraq müharibəsinə qatılır. Müharibədən sonra ölkənin Şirazdan tutmuş Həmədana, Ərdəbildən Urmiyaya qədər bir sıra şəhərlərində minbərlərdəki çıxışları onu 1990-cı illərdə ölkənin ən nüfuzlu xətib və vaizlərindən birinə çevirir. Beləcə, dini xütbələr sahəsində böyük təcrübələr qazanan Ocaqnejad 1992-ci ilin aprelində o dövrün prezidenti ayətullah Haşimi Rəfsancaninin əmri ilə Azərbaycan Respublikasında Müsəlman Mədəniyyət Komitəsinin məsul katibi vəzifəsinə gətirilir. 1995-ci ilin noyabrında isə İranın Xarici İşlər naziri Əliəkbər Vilayəti tərəfindən Bakıdakı İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəhbəri təyin olunur. Beləcə, Ocaqnejadın Azərbaycan sərgüzəştləri başlayır.

Ocaqnejadın Azərbaycandakı fəaliyyəti ilə bağlı bir çox söyləntilər var. İddialara görə, o, Azərbaycanda İranın təbliğat və qara qüvvələr legionerləri yetişdirməklə məşğuldur. Borçalıdan Astaraya qədər azərbaycanlıların məskunlaşdığı müxtəlif coğrafiyalarda öz gizli missiyasını həyata keçirən bu adamın fəaliyyətini 3 istiqamətə bölmək olar:

İranın Azərbaycanda yumşaq gücünü formalaşdırmaq. Məlumata görə, İran təbliğatçıları yetişdirmək üçün Ocaqnejad Qumda təhsil almaq istəyən yeniyetmələri seçib qonşu dövlətə göndərir. Təhsillərini başqa vurub ölkəyə qayıdan gənclərə hər ay müəyyən məbləğdə “əmək haqqı” verən İran Mədəniyyət Mərkəzinin rəhbəri dini-siyasi təbliğatı gücləndirməyə və eyni mərkəzdən idarə etməyə çalışır. Həmin təbliğatların ana xətti dini-siyasi düşüncələrin təbliğatı olduğundan, Azərbaycanın konstitusion dövlət şəklini dəyişməyə yönəldiyi də sirr deyil. Zira Konstitusiyamıza görə, Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlətdir və bu prinsipləri heç referendumla da dəyişdirmək mümkün deyil. Dini-siyasi ideologiyalar isə şəriət dövləti qurmağı hədəflədiyindən dünyəvilik prinsipinə daban-dabana ziddir.

İranın vurucu qolu olan və müxtəlif təxribatlar törətmək üçün hazırlanan qara qüvvələr.

Azərbaycanın rəsmi qurumları İran Mədəniyyət Mərkəzinin bu cür fəaliyyət içərisində olduğunu dəfələrlə bəyan ediblər. Ən son olaraq ötən il baş verən Gəncə hadisələrində İranın barmağı olduğunu artıq həmin ölkə rəsmiləri də gizlətmir, hətta azərbaycanlı legionerləri tərəfindən açıq şəkildə dilə gətirirlər.

Bütün bu fəaliyyətləri maliyyələşdirmək

Bir sıra mətbu orqanların iddiasına görə, İran Mədəniyyət Mərkəzi ölkəmizdəki fəaliyyətinə öz ciblərindən xərc də çəkmirlər. Təbliğatlar nəticəsində özününküləşdirdikləri iş adamlarından zəkat, xüms kimiş ödənişlər toplayan həmin təşkilat əldə olunan vəsaiti ölkəmizə qarşı istifadə edirlər.

Qeyd edək ki, İran Mədəniyyət Mərkəzinin bu maliyyə-yığım siyasətini təsdiqləyən ciddi sənədlər də ortaya çıxmışdır. İddianı irəli sürən “Xudaferin.eu” saytının məlumatına görə, Ocaqnejadın müridləri təkcə Azərbaycanda deyil, həm də Gürcüstandakı soydaşlarımız arasında öz fəaliyyətlərini maliyyələşdirmək üçün xüms və zəkat toplayırlar. “İranın öz pulumuzla Azərbaycanı məhv etmək planı FOTOLAR” sərlövhəli məqalədə deyilir:

Hüseyniyyə” məscidində əhalidən hər həftə toplanılan külli miqdarda pul vəsaitinin hara və necə xərclənməsi də redaksiyamıza daxil olan sənədlərdən bəlli olur. Biz bu barədə apardığmız araşdırmalar zamanı dəhşətə gəldik. Belə ki, imanlarına şübhə etmədiyimiz vətəndaşlardan toplanılan “xüms” və “zəkat”ın sayəsində toplanılan külli miqdarda pul vəsaiti sən demə, İran molla rejiminin ideoloji müstəvidə cəsus və kəşfiyyat maraqlarına yönləndirilir. Özəlliklə bu işə cəlb olunan Azərbaycan Respublikası vətəndaşlarından 250 nəfərin adının və soydaşının haqqında redaksiyamıza daxil olan sənədlərdə qeyd olunur ki, onlara hər ay “Hüseyniyyə” mərkəzinin adından müxtəlif işlərin müqabilində ayda 100-1000 manat arasında pul vəsaiti verilirmiş. Bundan əlavə, İbadulla Ocaqnəjadın birbaşa göstərişi ilə İran molla rejimini təbliğ etmək üçün hər ay 381 nəfər Azərbaycan Respublikası vətəndaşına 100-150 manat və ya 60-80 dollar civarında pul verilirmiş. Redaksiyamıza daxil olan digər sənədlərdən də aydın olur ki, təkcə 2011-ci ildə 19 nəfər Azərbaycan Respublikası vətəndaşına toplam 12850 manat pul vəsaiti verilibdir.

Araşdırmalarımız zamanı o da bəlli oldu ki, İbadulla Ocaqnəjadın rəhbərliyi altında bu paraların qarşılığında sadə və mövhumatçı dindar vətəndaşlar İran molla rejiminin xüsusi təlimatları əsasında fəaliyyət göstəriblər. Özəlliklə radikal və mövhumatçı dindar və şiəlik siyasəti başlıca hədəflərdən biri olub”.

Sayt daha sonra yazır ki, bu məsələ ilə bağlı İranın dini məktəblərində təhsil almış mollalardan biri ilə söhbətimiz zamanı onun özü də etiraf etdi ki, bu ölkədə dini təhsil və təlimlər alaraq geri dönən Azərbaycan Respublikasının vətəndaşlarının hər birinə İbadulla Ocaqnəjadın rəhbərliyi altında ayda 150 manata miqdarında maliyyə yardımı olunur: “Onların əsas funksiyası hüzr məclislərində, şiəliklə bağlı keçirilən mərasimlərdə, digər dini toplantılarda şiəliyin, şiə imamlarının, iranyönümlü dini siyasətin, qısacası İran molla rejiminin maraqlarının təbliğ edilməsidir. Hətta “Ocaqnəjad Ağa” deyə xitabən müraciət olunan İbadulla Ocaqnəjad həmin kadrların hər birini xüsusi qaydada nəzarətdə saxlayır”.

Mənbə: teref.az