Və supergüclərin başlıca planları
Deyəsən supergüclərin Cənubi Qafqaz regionunda yeni mübarizəsi gedir. Əslində bu mübarizəyə yeni də demək olmaz. Sadəcə taktiki dəyişikliklər və gedişlər kimi xarakterizə etmək daha düzgün olardı. Söhbət regionun iki respublikası olan Ermənistan və Gürcüstana daha çox nəzarət etmək, öz maraqlarını bu ölkədə təmin etməkdən gedir. Ermənistanda Paşinyan inqilabından sonra İrəvanın demək olar ki, Rusiyanın nəzarətindən çıxmaq cəhdləri, hətta bir sıra hallarda yeni hökumətin Moskvaya dirəniş göstərməsi Kremlin diqqətini yenidən Gürcüstana yönəldib. Bir neçə aydır ki, davam edən hakimiyyət əleyhinə etirazlar zaman-zaman özünün pik nöqtəsi, eyni zamanda normal məcrasına düşsə də, lakin istənilən halda vəziyyətin kəskin şəkildə dəyişəcəyi də istisna edilmir.
Gürcüstanda baş verən etiraz dalğasının arxasında dayanan qüvvələrlə bağlı da fərqli fikirlər səslənir. Bəziləri bunu Rusiya, bir başqaları isə Qərb, Birləşmiş Ştatlar amili ilə bağlayırlar. Ancaq indiki halda Qərbin Gürcüstanda hakimiyyətlə müxalifət arasında dialoq mühiti yaratmağa çalışması, diqqətləri istər-istəməz Rusiyaya yönəldir. Hər halda qısa müddətdə bütün proseslərə aydınlıq gələcək. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, qeyd edib ki, Gürcüstanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Politoloqun sözlərinə görə, Qərbin vasitəçiliyi ilə müxalifətlə iqtidar arasında danışıqlar gedir: "Gürcü Arzusu Partiyası qəti şəkildə müxlaifətin tələblərinə əməl etmək istəmir. Yalnız danışıqları manipulyasiya edərək vaxt qazanmağa, aktiv elektoratın passiv mövqeyə keçməsini gözləyir. Qeyd edim ki, Birləşmiş Ştatlar Konqresindən Gürcüstan hakimiyyətinə demokratiya və insan hüquqlar barədə ciddi bildiriş gəldi. Açıq şəkildə "Gürcü Arzusu" Partiyasını ölkədə antidemokratik sistem qurmaqda günahlandırdılar. Gürcü Arzusu Partiyasının lideri və "boz kordinal" Bidzina İvanaşvili Kremlyönlü siyasətçidir və Avropa İttifaqına inteqrasiyada maraqlı deyil. Məhz Gürcüstan rəsmilərinin anti-Avropa siyasəti açıq şəkildə bəyan edilir". Politoloq qeyd edib ki, Moskva ciddi şəkildə Gürcüstanda baş verənləri nəzarətdə saxlayır və Bidzina İvanaşvilinin partiyasının hakimiyyətdə qalmasında maraqlıdır: "Bu gün İvanaşvili sistemi təkcə Avropa üçün problem deyil. Ölkə daxilində tam siyasi etimadı itirməkdə olan bu sistem Azərbaycana da qarşı demarşlar etməkdədir. Ermənistana və Rusiyaya stavka edən rəsmi Tiflis Avropanın köklü maraqlarını regionda təhlükə altına qoyur. Qərbdən sərt təzyiqlərə rəğmən Moskvanın dəstəyi ilə duruş gətirməyi bacaran İvanaşvili ölkə daxilində Gürcüstan demokratiyasının üstündən xətt çəkməkdədir. Ölkəni qanunlarla deyil, şəxsi göstərişləri ilə idarə etməklə, ölkə daxilində siyasi stabilliyi təhlükə vəziyyətinə gətirib. İvanaşvili sistemi Ermənistanın Qara dənizə çıxışını tam təmin etməyi, Rusiyadan bu ölkəyə hərbi və digər təyinatlı yüklərin ötürülməsini rahatlıqla həyata keçirir. Məhz Azərbaycanla ikitərəfli və sıx əlaqələrə malik dövlətlərarası münasibətlərə kölgə salmış olur". Məhəmməd Əsədullazadə bildirib ki, B. İvanaşvilinin ölkə daxilində sonacan duruş gətirməsi mümkün olmasa da, ciddi şəkildə mövqeyini gücləndirib: "Gürcüstanda artıq seçki ilə hakimiyyəti dəyişmək mümkün olmayacaq. Yalnız növbəti inqilab Gürcüstanda yenidən sistem dəyişikliyini gətirə bilər. Gürcüstan Azərbaycanın Qərbə açılan qapısıdır və bu ölkədə siyasi sabitlik Azərbaycanın maraqlarına cavab verir. Təəssüf ki, indiki sistem yalnız problemləri artırmaqla məşğuldur. Avropa çalışır ki, gərginliyi yoluna qoysun. Amma, bunu bacaracağı sual doğurur". Politoloq onu da qeyd edib ki, istənilən halda Gürcüstanda vəziyyətin dəyişməsi Azərbaycana da təsirsiz ötüşməyəcək: "Çünki Gürcüstan Azərbaycanın yaxın qonşusu, bir sıra enerji və nəqliyyat layihələrində etibarlı tərəfdaşıdır. Bu ölkə ilə iqtisadi əlaqələrimiz də kifayət qədərdir. Təbii ki, istənilən halda qonşu ölkədə baş verən neqativ proseslər qeyd etdiyimiz amillərə təsirsiz ötüşməyəcək".
Süleyman
Olaylar.az
Mənbə: olaylar.az